Könül Nuriyeva: “Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ixrac əməliyyatı nəinki ölkə iqtisadiyyatına, o cümlədən yerli sahibkarların stimullaşdırılması və investisiya mühitinin formalaşdırılmasına lazımi şərait yaradacaq”
Xəbər verildiyi kimi, Azərbaycandan Səudiyyə Ərəbistanına bal, süd, ət ixracı ilə bağlı danışıqlar aparılır. Meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsil olunduğu ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri başa çatıb.
İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, ixrac missiyası çərçivəsində iş adamları bir sıra ikitərəfli görüşlərdə iştirak ediblər, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distribütorluq məsələləri müzakirə olunub.
Səudiyyə Ərəbistanı şirkətləri ilə keçirilən görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə də bal, ət və süd məhsullarına böyük maraq göstərilib. Azərbaycanın “Kerkom” şirkəti balın, “Aqro-MTS” şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distribütor şirkəti ilə danışıqlara başlayıblar. “Milk-Pro” şirkəti “Sunbulah Group” distribütor şirkəti ilə süd məhsullarının, “SunFood” MMC “Al-Raya” marketlər şəbəkəsi və “Al neel” distribütor şirkəti ilə konservləşdirilmiş məhsulların, “Səba” şirkəti isə “Sunbullah Group”, “Poultry service” və “Yamareh” şirkətləri ilə ət məhsullarının ixracına dair danışıqlara başlayıblar.
Missiya zamanı Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olub, məhsullarımızın bu ticarət şəbəkələri vasitəsilə satışının təşkili imkanlarını araşdırıblar.
Azərbaycandan Səudiyyə Ərəbistanına qeyd olunan məhsullar ixrac olunarsa, bunun ölkə iqtisadiyyatına nə kimi təsiri olacaq?
Sualımızı iqtisadçı-ekspert Könül Nuriyeva cavablandırdı. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycandan Səudiyyə Ərəbistanına bəzi məhsulların ixracı baş tutarsa, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərər: “Ölkə iqtisadiyyatında ixracın idxaldan üstün olması müsbət saldo hesab olunur. İxrac idxalı üstələyərsə, bu daha çox valyutanın ölkəyə gəlməsi deməkdir: “İxrac potensialımızın olması bu gün daxili tələbatı ödəməklə yanaşı, xaricə “Made in Azerbaijan” brendi adı altında məhsullar çıxarmağa imkan verirsə, bu, ölkəyə xarici valyuta axınına şərait yaradacaq. Xarici valyutanın ölkəyə gəlməsi ixracı stimullaşdırır. Nəzərə almaq lazımdır ki, bu gün bizə milli valyutanı möhkəmləndirmək üçün xarici valyuta lazımdır”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ixrac əməliyyatı nəinki ölkə iqtisadiyyatına, o cümlədən yerli sahibkarların stimullaşdırılması və investisiya mühitinin formalaşdırılmasına lazımi şərait yaradacaq. Belə olan halda, yerli sahibkarlar daha çox ixracyönümlü məhsullar istehsal etməyə maraq göstərəcəklər.
Günel CƏLİLOVA