Eyyub Hüseynov: “Tibb, təhsil, marketlərdə müştərilərlə davranma və digər sahələrlə bağlı peşə standartı tətbiq olunmalıdır”
“Növbəti 3-4 ildə Azərbaycanda 500 yeni peşə standartının yaradılması planlaşdırılır”. Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarından istifadə olunması” adlı konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, həmin dövrdə 300 mövcud peşə standartının yenilənməsi planlaşdırılır.
Yaradılması gözlənilən 500 yeni standartın hansı sahələri əhatə edəcəyini öyrənmək məqsədilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda yeni peşə standartlarının yaradılması vacibdir. Elə sahələr var ki, artıq orada yeni standart tətbiq olunmalıdır: “Bir neçə sahələr var ki, Bizim birliyə mütəmadi olaraq şikayətlər daxil olur. Əsasən qeyri-standart hərəkətlərlə bağlı Azad İstehlakçılar Birliyinə şikayətlər bildirilir”.
Həmsöhbətimizin fikrincə, tibb sahəsində yeni standart tətbiq olunmalıdır: “Hesab edirəm ki, tibb müəssisələrində xəstələrin qəbul standartı yaradılmalıdır. Bir çox xarici ölkələrdə xəstələrin qəbul standartı tətbiq olunub, ancaq Azərbaycanda isə hələ tətbiq olunmayıb. Ümid edirəm ki, yeni peşə standartına qeyd etdiyim məsələ də daxil olar”.
Birlik sədri onu da vurğuladı ki, marketlərdə standartın tətbiq olunmasına ehtiyac var: “Bu gün marketlərdə vətəndaşın icazəsi olmadan onun çantasının içərisi yoxlanır. Bu, etik baxımdan düzgün deyil. Əksər market sahibləri necə istəyirlərsə, o cür hərəkət edirlər. Zənnimcə, marketlərin idarə olunması və onlara nəzarət edilməsi ilə bağlı xüsusi bir standartın tətbiq olunması düzgün olar”.
E.Hüseynov təhsil sahəsində də standartın tətbiq olunmasının vacib olduğunu dilə gətirdi.
Günel CƏLİLOVA