Nüsrət İbrahimli: “Daxili istehsalın həcminin artması statistikaya öz təsirini göstərir”
Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,1 faiz artaraq 363,4 mln. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, sementin istehsalı 25,2 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 30,1 faiz, tikinti kərpicinin istehsalı 67,5 faiz artıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 410,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 0,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 17 faizlik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 5,6 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,4 dəfə artıb.
Tikinti materialları üzrə istehsalın artması nə ilə əlaqədardır? Bu sualla daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimliyə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, tikinti sektorunda artım gözlənilən idi: “Tikinti materiallarının istehsalının artması tikintinin həcminin artması ilə bağlıdır. Təbii ki, tikinti artdıqca, tikinti materillarının istehsalı da artır. Bu sahədə əks hal yaşanarsa, tikinti materialları istehsalının həcmi azalar”.
Həmhsöhbətimizin sözlərinə görə, bu gün Bakı şəhərində pilot layihələr icra olunur. Belə olan halda, tikintinin həcmində artım yaşanır: “Artıq 5-6 aydır tikintinin həcmində inkişaf tempi qeydə alınır”.
N.İbrahimli bildirdi ki, tikinti materialları istehsal edən şirkətlərin bir qismi vaxtilə xammalı idxal edirdilərsə, artıq həmin məhsul daxili bazarda istehsal olunur. Tikinti materialları istehsalının artmasında daxili istehsalın həcminin artması statistikaya öz təsirini göstərir.
Günel CƏLİLOVA