Pərviz Heydərov: “Kənd təsərrüfatı və sənaye sektorunun prioritet sahə olması hələ bir neçə il öncə Prezident tərəfindən bəyan olunub”
“Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır”. Bu sözləri noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən bildirib.
O qeyd edib ki, sənaye məhəllələrinin yaradılması prosesi bir neçə il bundan əvvəl başlayıb: “Biz birinci məhəlləni Neftçala rayonunda yaratdıq və bu yaxınlarda onun açılışını etdik. Ondan sonra daha iki rayonda – Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaq. Çünki burada çox böyük insan potensialı, təcrübəli mütəxəssislər var. Bu gün mənə Sabirabad Sənaye Məhəlləsinin layihəsi təqdim olundu. Mən fürsətdən istifadə edərək sabirabadlı iş adamlarına müraciət edirəm ki, onlar öz təkliflərini versinlər. Sənaye məhəlləsində bütün işlər, o cümlədən tikinti, istehsalat sahələrinin inşası, rabitə, infrastruktur, kommunikasiyalar, işıq, qaz, yollar, müəssisələrin yaradılması dövlət vəsaiti hesabına təmin ediləcək. Qaldı ki, sahibkarlara, onlar öz təkliflərini versinlər, avadanlıq alsınlar. Bu məsələdə də dövlət onlara kömək göstərəcək, güzəştli kreditlər, investisiya təşviqi sənədi verəcək və tezliklə burada böyük sənaye məhəlləsinin fəaliyyəti təmin ediləcək”.
Ekspertlərdə hesab edirlər ki, Azərbaycanın gələcək inkişafı sənayə və kənd təsərrüfatı sahəsindən asılıdır. İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatı və sənayə sektorunun prioritet sahə olması bir neçə il öncə Prezident tərəfindən bəyan olunmuşdu: “Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin hər rübün sonunda keçirilən iclaslarına diqqət yetirsək, bu iki sahənin Azərbaycan iqtisadiyyatında aparıcı rol oynadığını görərik. Bir neçə il əvvəl ölkə iqtisadiyyatında qeyd olunan sektorlar prioritet olaraq seçilib. Qeyri-neft sektoru dedikdə onun əsas lokomotivini məhz sənaye və kənd təsərrüfatı təşkil edir. Bu iki sahədə də Azərbaycanın hələ Sovet dönəmindən kifayət qədər potensialı mövcuddur. Bu sahələrdə böyük ənənələrə malikik. Xüsusən də aqrar sahədə çox böyük təcrübəmiz var. Ona görə də son zamanlar kənd təsərrüfatında keçmiş ənənələrin bərpa olunması istiqamətində böyük işlər görülməyə başlanıb. Dövlət səviyyəsində həm aqrar, həm də sənayə sahəsi üzrə müvafiq proqramlar qəbul olunub. Bu işlərin ortaq görülməsində məqsəd kənd təsərrüfatı ilə sənayenin qarşılıqlı inkişaf etdirilməsidir. Qeyri-neft sektorunda bu iki sahənin qarşılıqlı inkişafı önə çəkilib”.
Həmsöhbətimiz onu da vurğuladı ki, baramaçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olundu. Ondan əvvəl Prezident tərəfindən Qaxda keçirilən müşavirədə tütünçülüyün inkişafının bərpasına dair tapşırıqlar verilməsi, istər-istəməz, sənayenin inkişafına təsir göstərir. Azərbaycan bu sahədə böyük ənənəyə malikdir.
Ötən müddət ərzində ən çox aqrar sahədə emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilirdi. Meyvə və tərəvəz məhsullarının emalı ilə bağlı sənaye obyektlərinin yaradılması üzrə müəyyən işlər görüldü. Ancaq kənd təsərrüfatı məhsullarının tədarükü ilə bu müəssisələrin fəaliyyəti arasında qarşılıqlı əlaqə özünü göstərmədi. Hansısa bir bölgədə kənd təsərrüfatı məhsullarının emal müəssisəsi fəaliyyət göstərir. Ancaq əhalinin şəxsi təsərrüfatlardan əldə etdiyi məhsul onların əlində qalırdı. Bunun nəticəsi olaraq hökumət müvafiq sənaye parklarının yaradılması məsələsini gündəmə gətirdi. Artıq bu sahədə güclü iş gedir. Sənaye və kənd təsərrüfatında qarşılıqlı əlaqənin yaranması və möhkəmlənməsi bu sahələrin inkişafına səbəb olacaq”.
Günel CƏLİLOVA