Natiq Cəfərli: “Uşaq təamlarının qiymətində təqribən 10 faiz civarında dəyişiklik ola bilər”
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən körpə uşaqlar üçün tərəvəzin, meyvənin, qoz-fındığın və bitkilərin digər hissələrindən emal edilmiş məhsulların idxal gömrük rüsumları ləğv ediləcək, yaxud azaldılacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan homogenləşdirilmiş hazır məhsullara 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz gömrük idxal rüsumu tətbiq olunur.
Qeyd edək ki, yanvarın 1-dən isə hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan homogenləşdirilmiş hazır məhsullara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz deyil, 5 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.
Körpə uşaq qidalarının idxal rüsumunun azalması həmin məhsulların satış qiymətinə necə təsir edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məntiqlə bu məhsulların satış qiyməti düşməlidir. Ölkə daxilində istehsal olunmayan əmtəə və mallara gömrük rüsümu tətbiq olunmamalıdır: “Bu qərar uşaq qidalarının satış qiymətinə ciddi şəkildə təsir etməyəcək. Uşaq qidalarının qiymətində təqribən 10 faiz civarında dəyişiklik ola bilər. Onu da bildirim ki, uşaq üçün lazım olan təamlar əsasən xaricdən gətirilir. Məzənnədən dəyişiklik olarsa, bu hal qiymətə təsir göstərər. Məsələn, bu il avro manat qarşısında 15 faiz dəyər qazanıb. Avrozonadan məhsul gətirilərsə, bu hal məhsulun qiymətinə təsir göstərməz. Dolların məzənnəsində bahalaşma qeydə alınsa, rüsumun ləğv olunması qiymətə təsir göstərməyəcək”.
İqtisadçının fikrincə, ölkə ərazisində istehsal olunmayan əsasən uşaq qidalarına gömrük rüsumunun tətbiq olunması məntiqsizlik idi. İndi bu hal aradan qaldırılır.
Günel CƏLİLOVA