Azərbaycanda uçot dərəcəsi 12 faizədək azaldıla bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
Z.Nuriyev qeyd edib: “Əlbəttə, ölkədəki monetar vəziyyət birmənalı deyil. Amma hesab edirəm ki, formalaşmış müsbət tendensiyalar uçot dərəcəsinin azaldılması üçün lazımi şərait yaradır. Bir daha qeyd edim ki, hər şey monetar nəzarət orqanlarının qərarından asılıdır. Dəqiq rəqəmi deməkdə çətinlik çəkirəm, lakin düşünürəm ki, uçot dərəcəsi 12 faizədək azaldıla bilər”.
Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 15 faizdir.
"Kapital çatışmazlığı ilə üzləşən bankların sayı 10-a yaxındır". "APA-Economics" xəbər verir ki, bunu da Zakir Nuriyev bildirib.
"Kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır. Bilirsiniz ki, bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Və buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır. Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var, lakin beynəlxalq standartlara əsasən vəziyyət fərqlidir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır", - deyə Z.Nuriyev qeyd edib.
Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kapital çatışmazlığı ilə üzləşən dörd bank tənzimləyicinin nəzarətinə götürülüb. Buna münasibət bildirən assosiasiya prezidenti deyib ki, Palatanın nəzarətində olan bankların sayında dəyişiklik yoxdur: "Palatadan verilən məlumata görə, hələlik bu cür bankların sayında dəyişiklik mövcud deyil".