Dünya maliyyə bazarlarında real vəziyyət ABŞ dolları ilə bağlı yeni vəziyyətin yaranmaqda olduğunu göstərir. Amerika iqtisadiyyatının durumu dolların digər valyutalara nisbətdə yenidən ucuzlaşmasına təkan verib və bu prosesin ən azından cari ilin sonuna kimi davam etməsi gözlənir.
Digər tərəfdən ABŞ daxilində prezident Donald Trampa qarşı qüvvələrin fəaliyyət miqyasının genişlənməsi də investorların dollara inamını sarsıdır. Hələlik isə iyunun əvvəlinə açıqlanan ABŞ-ın qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluq göstəricisi dolların ucuzlaşmasına səbəb olub. Məşğulluğun gözləntiləri doğrultmaması və əmək haqlarında artımın baş verməməsi investorları məyus edib. Bununla yanaşı, ABŞ-da may ayında işsizlik göstəricisi 4,3%-ə geriləyib. Bunun nəticəsində dollara qoyulan sərmayələrin həcmində yeni azalma qeydə alınır və bu da dolların məzənnəsinə təsir edir.
İndi ekspertlərin böyük əksəriyyəti bu fikirdədir ki, bu ayın 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında uçot dərəcəsi artırılsa belə, yaranmış durumda dolların məzənnəsi yüksəlməyəcək. Bəzi analitiklər isə hətta iyun iclasında da faizlərin artırılmayacağını düşünür. Bu səbəbdən dollar qlobal valyuta bazarında ucuzlaşmağa başlayıb və prosesin daha bir müddət davam edəcəyi gözlənir. Onu da qeyd edək ki, hazırda əsas valyuta cütlüyü sayılan avro-dolların məzənnəsi son 7 ayın maksimal həddinə yüksəlib və bir dollar indi 1,127 avroya bərabərdir. Fərq nisbətinin daha da böyüməsi, dolların avro qarşısında ucuzlaşması gözlənir. Bu durumda investorlar yatırım vasitəsi kimi yenidən qızıla üz tutur. Bu da öz növbəsində qızılın qiymətini artırır. Nəticədə, son məlumatlara əsasən, dünya bazarında qızılın qiyməti 1 285 dollara yüksələrək son 7 həftənin maksimal həddinə çatıb.
Qızılın qiymətinin yüksəlməsinə əsas səbəb məhz ABŞ-da açıqlanan zəif məşğulluq göstəriciləri olub. Nəticədə, ABŞ Federal Ehtiyat Sisteminin bu ilin qalan hissəsində uçot dərəcəsini artırması ehtimalları azalıb. Bu da öz növbəsində risqsiz aktiv sayılan qızıla tələbatı artırıb. ABŞ-ın "ETF Securities" investisiya şirkətindən Niteş Şax hesab edir ki, qızılın qiymət artımının bir səbəbi də son günlər törədilən terror aktlarıdır. Bütün bunlar Azərbaycanda da manatın dollar və digər valyutalara nisbətinə təsir edir. Ümumiyyətlə, real vəziyyət göstərir ki, Azərbaycanda manat dollara nisbətdə artıq müəyyən bir həddə sabitləşib. İlin sonuna kimi müdaxilə edilməsə, manat dollar qarşısında müəyyən qədər bahalaşa da bilər. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov da təsdiq edir. O qeyd edir ki, Azərbaycan manatının məzənnəsi 5 aydır üzən rejimdə müəyyən edilir: "Bu dövrdə 1 ABŞ dolları 1,92 manata qədər bahalaşdı, lakin qısa müddətdə Azərbaycan manatının məzənnəsi sabitləşdi və hazırda pik həddən 11% aşağıdır. Ümumilikdə isə manatın real effektiv məzənnəsi 50%-dən çox azalıb, bu da məqsədəuyğundur. Çünki güclü manat idxalı artıra, əlavə problemlər yarada bilər. Qeyri-neft sektorundan ixracın artımı isə manatın məzənnəsinin bazar iştirakçıları üçün əlverişli olmasını tələb edir. Bu ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Onu da qeyd edim ki, məzənnənin möhkəmlənməsi risqi zəifləmə risqindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur".
Hazırda ölkədə dolların rəsmi və nağd məzənnəsi orta hesabla 1,70 manat səviyyəsində sabitləşib. Ekspertlər hesab edir ki, nağd valyuta bazarında məzənnə optimal səviyyəyə çatıb. Hesab edilir ki, neftin orta qiymətinin 50 dollar səviyyəsində qalması dolların məzənnəsinin sabitliyini və mümkündür ki, bir qədər də ucuzlaşmasını təmin edəcək. Ekspertlərin fikrincə, dolların məzənnəsinin sabitləşməsi tədricən manat kreditləşməsinin artmasına və depozitlərin dedollarizasiyasına gətirib çıxaracaq. Ümumiyyətlə, real vəziyyət əslində ölkədə dedollarizasiya prosesinin başladığını göstərir. Bunu həm əmanətlərin həcmində manat kütləsinin artması, həm də dollar tələbinin xeyli azalması təsdiq edir. Amma hesab edilir ki, ölkənin ixracını qorumaq üçün Mərkəzi Bank dolların həddindən artıq ucuzlaşmasına yol verməyəcək. Artıq bu xüsusda Rusiya təcrübəsi də var. Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi bu il iyunun 7-dən iyulun 6-dək valyuta bazarından gündəlik 2,1 milyard rubl nağd valyuta alışı həyata keçirəcəyini açıqlayıb. Bu da 36,7 milyon dollara bərabərdir. Halbuki, may ayında nazirliyin gündəlik valyuta alışı 0,4 milyard rubl, yaxud 7 milyon dollar olub. Amma alınan məbləğ indi 5 dəfəyə qədər artırılıb və buna səbəb rublun həddindən artıq möhkəmlənməsi amili olub. Həddən artıq möhkəmələnən rubl isə Rusiyaya sərf etmir. Elə Azərbaycan üçün də manatın həddən artıq möhkəmlənməsi sərfəli sayılmır. Hesab edilir ki, manat möhkəmlənsə, Mərkəzi Bank prosesə müdaxilə edib əlavə dolları bazardan yığışdırıcaq və valyuta ehtiyatlarını bu yolla artıracaq. Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu il iyunun 1-nə 4 milyard 825,4 milyon dollar təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 206,1 milyon dollar və yaxud 4,5% çoxdur. Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 851 milyon dollar və yaxud 21,4%, son bir ildə isə 541,1 milyon dollar və yaxud 12,6% artıb.
Tahir TAĞIYEV