Əkrəm Həsənov: "Kartla ödənişlərin ƏDV-dən azad olunması nağdsız hesablaşmaların dövriyyəsini artıracaq"
Azərbaycanda kartla ödənişlərin ƏDV-dən azad olunması təklif olunur. Söhbət "Visa", "MasterCard" və "Swift" sistemləri üzrə bank ödənişlərini əlavə dəyər vergisindən (ƏDV) azad etməkdən gedir. Belə bir təkliflə "Rabitəbank"ın İdarə Heyətinin sədri Elçin Qədimov çıxış edib.
O, mətbuata açıqlamasında qeyd edib ki, bu ödənişlər maliyyə xidmətləri kateqoriyasına aid deyil və buna görə də onlara ƏDV tətbiq edilir: "Biz təklif edirik ki, "Visa", "MasterCard" və "Swift" sistemləri bank ödənişləri kateqoriyasına aid edilsin və ƏDV-dən azad olunsun".
Ödəniş kartlarının ƏDV-dən azad olunmasına münasibət bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu ilin əvvəlində nağdsız hesablaşmalar haqqında müvafiq qanun qəbul olundu. Həmin qanunun məqsədi ölkədə nağd hesablaşmaların həcmini azaltmaqdır: "Nəzərinizə çatdırım ki, həmin qanunda bəzi məhdudiyyətlər var. Qabaqcıl ölkələrdə nağdsız hesablaşmalar məhdudiyyət yolu ilə deyil, stimullaşdırıcı hərəkətlərlə həll olunur. Analoji hal bizdə də tətbiq olunmalıdır. Bəllidir ki, insan istənilən marketdən nəsə alanda ondan 18 faizlik ƏDV tutulur. Ancaq alıcı bilsə ki, ödənişi kart vasitəsilə, yəni nağdsız qaydada etsə ondan ƏDV tutulmayacaq, o çalışacaq ki, nağd hesablaşmalardan uzaqlaşsın. Belə olan halda, insan nağdsız hesablaşmalara üstünlük verəcək. Bu, nağdsız hesablaşmaların dövriyyəsini artıracaq".
Onun sözlərinə görə, kartla ödənişlərin ƏDV-dən azad olunması şəffaflığı artıracaq: "Dəfələrlə öz çıxışlarımda ödəniş kartlarının ƏDV-dən azad olunması barədə fikir bildirmişəm. Ümid edirəm ki, aidiyyəti qurumlar kartların ƏDV-dən azad olunması məsələsini bir daha nəzərdən keçirəcək".
Günel CƏLİLOVA