“...Azərbaycanın əsas prioritetlərindən biridir”
Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Prezident bildirib: “Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir”.
Prezidentin bu fikrinə şərh verən iqtisadçı ekspert Natiq Cəfərli baki-xeber.com-a bildirdi ki, bu, olduqca əhəmiyyətli yanaşmadır.
“Əlbəttə, bərpa olunan enerji həm ekoloji cəhətdən, həm də digər iqtisadi cəhətdən Azərbaycanın əsas prioritetlərindən biridir və Azərbaycanın kifayət qədər coğrafi üstünlükləri də var. Burada həm günəş enerjisindən, həm külək enerjisindən istifadə etmək üçün Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Aran rayonlarında günəş enerjisi daha çox istifadə oluna, istehsal oluna bilər. Azərbaycan həm də beynəlxalq layihələrin üzvüdür. Qara dənizin dibi ilə Avropaya enerji kabel xətləri də çəkiləcək. Artıq bununla bağlı işlər görülür. Yəni bu nöqteyi-nəzərdən Azərbaycan bir tək neft ixracatçısı kimi yox, həm də elektrik enerjisi istehsalçısı və ixracatçısına çevrilir. Bundan başqa, indi növbəti mərhələlər də yəqin ki gələcək. İndi artıq fərdi evlərin, fərdi insanların bu sahəyə qoşulması ilə bağlı qanun layihəsində düzəlişlər və əlavələr edilir. Yəni, əsasən də Aran rayonlarında yaşayanlar elektrik enerjisini özləri öz evlərində istehsal edib öz ehtiyaclarını ödəyib, yerdə qalanı dövlətə sata biləcəklər. Bu da əlavə gəlir mənbələri gətirəcək insanlara”.
N.Cəfərli hesab edir ki, bu çox perspektivli bir sahədir və nəticə etibarilə bu sahənin inkişafı Azərbaycanda yeni texnologiyaların, mütəxəssislərin yaranmasına, yeni iş yerlərinin yaradılmasına səbəb olan bir istiqamətdir.
İradə SARIYEVA