Kanada dövlət başçısının 2017-ci ildən bəri Çinə ilk səfəri zamanı Kanadanın Baş naziri Mark Karni və Çin prezidenti Si Cinpin bəzi tarifləri qarşılıqlı olaraq azaltmaq və ya ləğv etmək barədə razılığa gəliblər. Kanada hökumətinin mətbuat xidmətinin 16 yanvar tarixli məlumatına görə, Pekin ərzaq tarifləri, Ottava isə elektrikli nəqliyyat vasitələri tarifləri barədə razılığa gəlib. Həm ABŞ-la qonşu ölkə olan Kanada, həm də Çin 2025-ci ildən bəri ABŞ prezidenti Donald Trampın "tarif müharibələri"nin təzyiqi altındadır.
“Vedmosti”nin yaydığı məlumata görə, gəlinən razılıq fonunda Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal rüsumlarını 100 faizdən 6,1 faizə endirib.
Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə 49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını açıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılması planlaşdırılır.
Nazirliyin açıqlamasında “Çin və Kanada son zamanlar qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdə bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd təsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalara nail olublar. Bundan başqa, iki ölkə arasında birbaşa uçuşların sayının artırılması, biznes mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının yoxlanılması və karantini kimi məsələlərdə konsensus əldə edilib”-deyə bildirilir.
Məlumata görə, Kanada 2024-cü ildən Çin elektromobilləri üçün 100 faizlik idxal rüsumları tətbiq edir. Çin də cavab olaraq Kanada məhsullarına idxal rüsumlarını qaldırıb.
Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 120 milyard ABŞ dolları təşkil edir.
İradə SARIYEVA