Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
“Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026-cı il – 3,5 milyard manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib. Layihələrin iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 faizini (8,7 milyard manat) təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”, - deyə Əli Əsədov vurğulayıb.
ZÜMRÜD