Xalid Kərimli: “Publik hüquqi şəxslərin dövlət büdcəsindən götürdüyü borcların dövlət tərəfindən silinməsi düzgün deyil”
Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər müzakirə edilərək qəbul olunub. Dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən ssudalar (borc) geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanacaq. Yəni bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur.
Maraqlıdır, söhbət hansı borclardan gedir? Hansı tip dövlət borcu qaytarıla bilməyəndə onu dövlət qaytaracaq?
“Borc öhdəliklərini yerinə yetirməyən qurumların rəhbər şəxslərinin məsuliyyətə cəlb edilməsi və müvafiq hüquqi tədbirlərin tətbiqi mümkün olmalıdır”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, söhbət publik hüquqi şəxslərdən gedir. Publik hüquqi şəxslərin dövlət büdcəsindən aldığı borc dövlət tərəfindən geri qaytarılacaq: "Ümumiyyətlə, bu sahəyə çox ciddi nəzarət olunmalıdır. Nəzərə almaq lazımdır ki, publik hüquqi şəxslərin hər birinə monopoliya, səlahiyyət verilib. Məsələn, “Azparkinq”, universitetlər və digər qurumlar publik hüquqi şəxs sayılır. Onlara xüsusi səlahiyyət verməklə yanaşı, dövlət büdcəsində güzəştli kredit götürmək, ssuda cəlb etmək kimi imkanlar yaradılıb. Götürülən borc geri qaytarılmayanda həmin vəsait Təminat Fondu hesabına bağlanılır. Nəzərə almaq lazımdır ki, dövlətdə idarəedicilərin etik səviyyəsi hələ də arzulunan səviyyədə deyil və korrupsiya ehtimalı var. Həmçinin, korporativ idarəetmə standartları da yüksək səviyyədə deyil. Bu səbəbdən də hesab edirəm ki, publik hüquqi şəxslərin dövlət büdcəsindən götürdüyü borcların dövlət tərəfindən silinməsi düzgün deyil. Yaxşı olar ki, publik hüquqi şəxslər özəl sektor kimi kommersiya banklarından kredit, borc götürsün və sonra da həmin vəsaiti qaytarsın. Belə olarsa şəffaflıq olar”.
Ekspertin sözlərinə görə, Təminat Fondu dövlət büdcəsi vəsaitləri hesabına formalaşdığından, bu hallar büdcəyə dolayı fiskal yük gətirə bilər: “Geri qaytarılmayan ssudaların qarşısının alınması məqsədilə borcalanın maliyyə dayanıqlılığı və layihənin iqtisadi əsaslandırılması ssuda verilməzdən öncə ətraflı qiymətləndirilməli, girov və digər təminatlar tələb olunmalı, ssudaların monitorinqi gücləndirilməli, borcalan qurumlar tərəfindən vaxtaşırı maliyyə hesabatlarının təqdim edilməsi təmin edilməlidir. Bununla yanaşı, borc öhdəliklərini yerinə yetirməyən qurumların rəhbər şəxslərinin məsuliyyətə cəlb edilməsi və müvafiq hüquqi tədbirlərin tətbiqi mümkün olmalıdır”.
Günel CƏLİLOVA