Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı “Günay Bank”ın ləğv edilməsi haqda qərar verib.
Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalın miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” qanuna əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
“Günay Bank”ın ləğvi adıçəkilən bankın ümümi vəziyyəti və bank sektorundakı real vəziyyəti gündəmə gətirib. Maraqlıdır, “Günay Bank” niyə bağlandı və bunun ardınca daha hansı banklar bağlana bilər?
Əkrəm Həsənov: “Muğan Bank”ın kapital göstəriciləri daha pisdir, problemli kreditləri daha çoxdur”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Günay Bank” son 5 ildə bağlanan 5-ci bankdır. Buna qədər "AG Bank", "NBC bank", "Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilib: “Son 10 ildə Azərbaycanda bankların yarıdan çoxu bağlanıb. Banklar azaldıqca inhisarçılıq təhlükəsi artır. Kiçik banklar sıradan çıxır, böyük banklara şərait genişlənir. Elman Rüstəmovun Mərkəzi Banka sədrlik etdiyi dövrdə banklar üçün məcmu kapitalın miqdarı 5 milyon manatdan 50 milyon manata qaldırılıb. Ancaq ABŞ və Avropada kapital tələbi 3-5 milyondur. Yəni hər bankın 50 milyon pulu olmalıdır. Niyə olmalıdır, bu da məlum deyil. Elə bil sizə deyirlər ki, sizin də mətbuat orqanınızın bu qədər pulu olmalıdır, Niyə? Məgər keyfiyyət və səmərəlilik böyüklüklə ölçülür? Azərbaycanın ən böyük bankı Beynəlxalq Bankdır, ən səmərəsiz bank da odur. Bir neçə il əvvəl müflisləşib bağlanmaq təhlükəsi ilə üzləşmişdi, dövlət ora 5 milyard manat qoyub, bankı qurtardı”.
Ekspert onu da əlavə etdi ki, “Günay Bank”ın lisenziyasının ləğvi kapital göstəriciləri ilə əlaqələndirilir. Bankın lisenziyasının ləğvi ilə bağlı əsaslandırmanı bir neçə əsas bankı çıxmaq şərti ilə bütün bazara aid etmək olar: “Məsələn, məndə olan məlumata görə, “Muğan Bank”ın kapital göstəriciləri daha pisdir. Problemli kreditləri daha çoxdur. Bəlkə daha pis vəziyyətdə olan banklar var”.
Xalid Kərimli: “Günay Bank"ın lisenziyasının ləğvi burda cari hesabları olan, 0.1% sığortalanmayan vəsaiti olan şəxslərə problem yaradacaq”
Iqtisadçı Xalid Kərimli bildirdi ki, "Günay Bank"ın lisenziyasının ləğv olunmasının bank sektoruna ciddi təsiri olmayacaq: “Günay Bank" maliyyə sektoru üçün ciddi və əhəmiyyətli bank deyildi. "Günay Bank"ın məcmu kapitalına dair tələblərə uyğun olmaması, məcmu kapitalının adekvatlıq əmsalının 3% dən aşağı olması, Mərkəzi Bankın müəyyənləşdirdiyi etibarlılıq və prudensiallıq qaydalarına əməl etməməsi onun fəaliyyətinin sonlandırılması ilə nəticələnib. Bankın ümumi ölkə üzrə kredit portfeli cəmi 1 % təşkil edir. Həmçinin depozitlərdə payı 0.6%, bank öhdəliklərində isə 0.5 % idi".
Iqtisadçı hesab edir ki, "Günay Bank"ın lisenziyasının ləğvi burda cari hesabları olan, 0.1% sığortalanmayan vəsaiti olan şəxslərə problem yaradacaq: “Günay Bank"da vətəndaşların vəsaitlərinin 99.9 %-i sığortalanıb. Ona görə də vətəndaşıların depozitlərini Əmanətlərin Sığortalanması Fondu ödəyəcək. Bu yalnız 0.1% sığortalanmayan vətəndaşın cari hesablarında problem yarada bilər. Onlar uzun müddət vəsaitlərini götürə bilməyəcək. Amma ümumi olaraq digər banklarda hələ ki, bu cür problemlər gözlənilmir. Amma təbii ki, hansısa bankın bu gün vəziyyəti yaxşı ola bilər, amma 4-5 aydan sonra göstəriciləri normativlərdən aşağı düşsə, ona uyğun qərar veriləcək”.
Günel CƏLİLOVA