Əhalinin banklardakı əmanətlərinin həcmində uzun müddətdən sonra azalma müşahidə olunub. Qeyd edək ki, cari ilin ilk ayında qoyulan əmanətlərin həcmində 27 faizə qədər artım var idi.
Sonradan isə ciddi şəkildə azalma baş verdi. Mərkəzi Bankın məlumatına görə, 2023-cü il aprelin 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb.
Maraqlıdır, vətəndaşlar pullarını niyə banklara əmanət etmir?
“Depozit gəlirlərinə verginin tətbiq olunması bir sıra əmanət sahiblərində vəsaitlərini banklarda saxlamaqla bağlı müəyyən tərəddüdlər formalaşdırmışdı”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, fevral ayında depozit məbləğlərinin azalacağı gözlənilən idi: “Depozit gəlirlərinə verginin tətbiq olunması bir sıra əmanət sahiblərində vəsaitlərini banklarda saxlamaqla bağlı müəyyən tərəddüdlər formalaşdırmışdı. Bu amil əmanətlərin ümumi məbləğinə təsir göstərdi. Depozit faizləri artırılsa, azalma olmayacaq. Mərkəzi Bankın açıqlamaları ondan ibarət idi ki, kommersiya bankları tərəfindən depozit faizlərinin artırılması həyata keçiriləcək. Bu da depozit gəlirlərinə tətbiq edilən verginin əsasında yaranan xərcin kompensasiya olunmasına imkan yaradacaq. Amma monitorinqlər göstərir ki, əksər banklar tərəfindən depozit faizlərində artımlar olmadı. Vergi xərclərinin kompensasiyası həyata keçirilmədi. Banklar tərəfindən vergi tətbiq olunduqdan sonra depozit faizlərinə baxılması, artırılması məqsədəuyğun olardı. Xüsusən də sistem əhəmiyyətli banklarda depozit faizləri yüksək deyil. Faizlərin müəyyən qədər artırılması banklara depozitlərin cəlb edilməsinə yenidən stimul yarada bilərdi”.
Millət vəkili onu da əlavə etdi ki, bəzi depozit sahiblərində belə bir yanaşma formalaşıb ki, vergi depozit məbləğinə tətbiq olunur: “Əslində isə vergi depozit gəlirlərinə şamil edilir. Əgər vətəndaşın bankda 10 min manat depoziti varsa, o pulu 8 faizlə yerləşdiribsə, onun illik gəliri 800 manatdır. Həmin 800 manat 10 faiz vergiyə cəlb olunur, yəni 80 manat vergi ödənilir. Vətəndaş bu halda 800 deyil, 720 manat gəlir əldə edir. Banklar tərəfindən məlumatlandırma düzgün qurulsaydı, depozit məbləğində azalmalar müşahidə olunmazdı”.
Günel CƏLİLOVA