“Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artıb”. Bu fikirləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində ifadə edib.
Prezident qeyd edib ki, valyuta ehtiyatları 65 milyard dollara çatıb, valyuta ehtiyatların xarici borcu təxminən 10 dəfə üstələyib: "Biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq".
“Xarici borcun ümumi daxili məhsulun payına görə tənzimlənməsi və yaxşı həddə saxlanılması iqtisadi təhlükəsizlik baxımından da çox vacibdir, bu, ölkənin…”
Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Azərbaycanın valyuta ehtiyatları artıq 65 milyard dollar civarındadır. Bu olduqca böyük göstəricidir. Bizim xarici borcumuz isə 6 milyard dollardır. Valyuta ehtiyatlarının xarici borcdan 10 dəfə çox olması o deməkdir ki, ölkənin valyuta ehtiyatı zəngindir. Valyuta ehtiyatının zəngin olması isə milli valyutanın möhkəmliyini qoruyub saxlayır”.
Millət vəkilinin sözlərinə görə, iqtisadi baxımdan Azərbaycanın strateji mövqeyi ondan ibarətdir ki, xarici borc dəfələrlə az olsun. Az sayda ölkələr var ki, xarici borcu ümumdaxili məhsulun 10 faizi civarında olsun: “Müqayisə üçün götürsək deyə bilərəm ki, 40 faizdən yuxarı olarsa bu risqli sayılır. Məlumdur ki, Azərbaycanın xarici borcu 6 milyarddır. Danılmaz faktdır ki, xarici borcun tənzimlənməsi Azərbaycanda iqtisadi siyasətin prioritet məsələlərindən biridir. Azərbaycan MDB məkanında xarici borcun ÜDM payına görə ən yaxşı göstəriciyə malik ölkədir. Eyni zamanda, xarici borcun ÜDM payına görə Azərbaycan dünyada 9 ölkədən biridir. Xarici borcun ümumi daxili məhsulun payına görə tənzimlənməsi və yaxşı həddə saxlanılması iqtisadi təhlükəsizlik baxımından da çox vacibdir. Bu, ölkənin iqtisadi təhlükəsizliyinin formalaşmasına şərait yaradır. Həmçinin, xarici borcun tənzimlənməsi iqtisadi dayanıqlığın inkişafına da töhfə verir”.
Günel CƏLİLOVA