Qızıl zinət əşyası olmaqla bərabər, həm də yatırım vasitəsi kimi istifadə edilir. Məlumdur ki, son zamanlar dünya bazarında qızılın qiyməti maksimum həddə çatıb. Bu bahalaşma qonşu Türkiyədə də hiss olunur.
O da bəllidir ki, hazırda Azərbaycanda da toylar mövsümünə start verilib. Bu da qızıla olan tələbatın daha da artmasına səbəb olacaq.
Maraqlıdır, dünyadakı bahalaşma və tələbatın artması qızılın qiymətinə necə təsir edəcək?
Kamran Məmmədli: “Qarşıdakı aylarda qızılın qiymətinin bahalaşması ölkəmizdə də hiss oluna bilər”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son dövrlər qızılın bahalaşması ilə bağlı müxtəlif proqnozlar verilir: “Məlumdur ki, 2021-ci il yanvarın 1-dən Azərbaycana idxal olunan qızıldan və gümüşdən hazırlanmış zərgərlik məmulatları gömrük rüsumu və aksiz vergisindən üç il müddətinə azad olunub. Bundan əlavə, ölkədaxili qranul şəklində qızılın satışı və üç il müddətinə Azərbaycana qızıldan və gümüşdən hazırlanan zinət əşyalarının istehsalı üçün avadanlıq və dəzgahların gətirilməsi də ƏDV-dən azad olunur. Düzdür, bu avadanlığı gətirən şəxs və ya şəxslər İqtisadiyyat Nazirliyindən təsdiqedici sənəd almalıdır. Onlara bu sənədi almaq üçün müəyyən dəstək olunur. Hazırda zinət əşyası olaraq qızılın qiymətində ciddi dəyişiklik yoxdur. Gömrük və vergi güzəştləri oldu. Amma qızılın xammal olaraq qiyməti qalxdığından, qiymətlər əvvəlki səviyyədədir. Ancaq hesab edirəm ki, dünyada gedən bahalaşmanın təsiri qarşıdakı aylarda ölkəmizdə də hiss olunacaq”.
Ekspert hesab edir ki, qızılın qiymətinin yüksəlməsi əhalinin sosial vəziyyətinə ciddi təsir göstərmir. Çünki qızıl məcburi istehlak olunan mallar sırasına daxil deyil.
Pərviz Heydərov: “Azərbaycan kimi kiçik ölkənin dünyadakı vəziyyətdən kənarda qalması mümkün deyil”
İqtisadçı Pərviz Heydərov bildirdi ki, hazırda dünyanın maliyyə bazarlarında qeyri-müəyyənlik var. Buna görə investorlar konkret qərar qəbul etməkdə çətinlik çəkirlər. Sərmayələrinin batmaması üçün onu hansı sənaye sahəsinə qoymaq lazım olduğunu bilmirlər. Qızıl investorlar üçün ən təhlükəsiz yatırım mənbəyidir. Qeyri-müəyyən bir vəziyyət olduğuna görə qızılın qiyməti qalxır: “Qızılın qiyməti tarixən məhz belə vəziyyətlər yarandıqda yüksəlir. Ya maliyyə bazarlarında qeyri-müəyyənlik yaranır, ya investorlar böyük risqlər qarşısında qalır, ya da neftin qiyməti qeyri-müəyyən olur. Dünya bazarında qızılın qiymətinin qalxmasının əsas səbəbləri budur. Azərbaycan kimi kiçik ölkənin dünyadakı vəziyyətdən kənarda qalması mümkün deyil. Daxili bazarda son vaxtlar qiymətlər artır. Ucuzlaşma yoxdur. Daxili istehlak bazarında qızılın qiyməti də son 1 il ərzində azalma nümayiş etdirməyib, əksinə, artan tendensiya ilə gedib. Bir məhsulun qiyməti dünya bazarlarında qalxırsa, Azərbaycan kimi kiçik ölkənin bundan sığortalanması qeyri-mümkündür. Amma bahalaşmanın da müəyyən həddi var. Hədsiz dərəcədə bahalaşma ola bilməz”.
Günel CƏLİLOVA