Bu gün banklar tərəfindən vətəndaşlara çoxlu sayda sms göndərilir. Həmin sms xidməti vasitəsilə vətəndaşlara müəyyən məlumat verirlər. Vətəndaş kredit götürərsə kreditlə bağlı tam əhatəli informasiya, ya bankla bağlı başqa bir məlumat sms vasitəsilə istehlakçıya təqdim edilir. Həmçinin, kredit və debet kart vasitəsilə edilən hər bir əməliyyat haqqında da istehlakçıya məlumat göndərilir.
Qeyd edək ki, əvvəl sms məlumat vətəndaşa göndərilərkən ondan ödəniş tələb edilmirdi. Ancaq son zamanlar banklar bunu tələb edir. Məlum xidmətə görə ödənişin tələb olunması isə vətəndaşların narazılığına səbəb olur.
Maraqlıdır, bankların sms məlumata görə ödəniş tələb etməsi nə dərəcədə düzgündür?
“Məlum xidmətə görə ödənişin tələb edilməsi müqavilədə əks olunubsa burda bankın günahı yoxdur”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bankların tətbiq etdiyi mesaj xidmətləri artıq ödənişlidir: “Məlumdur ki, banklar üçün sms xidmətlərini mobil operatorlar həyata keçirir və bunun əvəzində müvafiq ödənişlər edilir. Sms xidməti əvvəl ödənişsiz idi. Yəni vətəndaş ona göndərilən sms-ə görə ödəniş etmirdi. Ancaq idi banklar sms-ə görə vətəndaşlardan ödəniş tələb edir. Bu tələb vətəndaşlar arasında narazılığa səbəb olur. İstehlakçıların narazılığı başadüşüləndir. Ancaq məlum xidmətə görə ödənişin tələb edilməsi müqavilədə əks olunubsa burda bankın günahı yoxdur”.
Ekspert hesab edir ki, vətəndaşlar mütləq 3D təhlükəsizlik - sms xidmətini aktiv etməlidirlər: “Bəzi banklarda bu xidmət pullu olduğu üçün insanlar xəsislik edib xidmətə qoşulmurlar. Halbuki, bu xidməti aktiv etsələr, kartdan pul çıxılanda xəbər tutacaq, silinmələr olmamış kartı bloklaya biləcəklər. Sosial şəbəkələrdə maarifləndirmə işi aparmaq, kartların təhlükəsizliyi ilə bağlı video roliklər hazırlamaq bankların məsuliyyətidir. Roliklərdə bildirilməlidir ki, məlumatlarınızı paylaşmayın, bank adından zəng edib sizdən kod istədikdə inanmayın. Amma müştəri özü aldanırsa, burada bank artıq heç nə edə bilmir”.
Günel CƏLİLOVA