Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunun dayanıqlığının diqqətdə saxlanılması çərçivəsində 2022-ci ildə 5 bankda yoxlama aparıb. Bu barədə AMB-nin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Qeyd edilir ki, bank sektorunda kredit risqləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Hesabat dövründə 5 bankda, 4 bank olmayan kredit təşkilatında və “Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə 4 bankda tematik yoxlama aparılıb.
Maraqlıdır, Mərkəzi Bank 5 bankda niyə yoxlama aparıb?
“Problemli kreditlərin hansı səbəbdən yarandığını müəyyən etmək üçün banklarda tam yoxlamalar aparmaq lazımdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bank vaxtaşırı bütün bank və qeyri-kredit təşkilatlarında yoxlamalar aparır: "Bu onun işidir. Çünki Mərkəzi Bank nəzarət orqanıdır. Banklar onsuz da hər ay böyük hesabatlarını verirlər. Buna baxmayaraq, Mərkəzi Bank tərəfindən vaxtaşırı yerində yoxlama aparılır. Yoxlamanın aparılmasının əsas səbəbi bankların təqdim etdiyi hesabatın həqiqəti əks etdirib-etdirməməsidir. Həmçinin, valyuta satışı ilə bağlı qaydalara necə əməl edilib-edilmədiyi də yoxlanılır”.
Ekspert hesab edir ki, banklarda yoxlama keçirilərkən bank işçilərinin istehlakçılarla necə davranması da araşdırılmalıdır. Məlumdur ki, son zamanlar bu mövzu ilə bağlı şikayətlər artıb. Bank sektoruna rəhbərlik edən qurumlarda kadr dəyişikliyi edilməli, hüquq-mühafizə orqanları bütün banklarda yoxlama aparmalıdır: “Həmçinin, problemli kreditlərin hansı səbəbdən yarandığını müəyyən etmək üçün banklarda tam yoxlamalar aparmaq lazımdır. Kreditlərin kimlərə verilməsi araşdırılmalıdır. Məlum olacaq ki, sonradan problemli kreditə çevrilmiş kreditlər elə bank sahiblərinin və rəhbərlərinin cinayət əməlləri nəticəsində verilib. Yəni qanunsuz kreditləşmə olub”.
Günel CƏLİLOVA