Artıq neçə ildir ki, ölkədə manatın məzənnəsində sabitlik müşahidə olunur. Bu səbəbdən də vətəndaşların banklarda milli valyuta ilə saxladığı əmanətlərin həcmi artır. Mərkəzi Bankın (AMB) məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında vətəndaşların milli valyutada əmanətlərinin həcmi 3,6 faiz artaraq 7,3 milyard manata çatıb ki, bu da bütün əmanətlərin 61,8 faizini təşkil edib.
Müvafiq olaraq, qeyd olunan dövrdə xarici valyutada olan bank əmanətləri 0,8 faiz azalaraq 4,5 milyard manat və ya əhalinin bütün əmanətlərinin 38,2 faizini təşkil edib.
Qeyd edək ki, fevralın 1-dən etibarən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10 % dərəcə ilə vergiyə cəlb edilib. Bu hal istər-istəməz əmanətlərin həcminə təsir edib. Ancaq açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, milli valyuta ilə yerləşdirilən əmanətlərin həcmi artıb.
“Manata inam güclənib, çünki hamı başa düşür ki, neftin hazırkı sabit qiyməti ilə, geosiyasi vəziyyətə görə yaxın bir-iki ildə milli valyutanın məzənnəsi mütləq sabit qalacaq”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan əhalisinin əmanətlərinin dedollarizasiyası ilk növbədə manata inamın artması ilə bağlıdır: “Nəzərə almaq lazımdır ki, manatla olan əmanətlərin faizi daha yüksəkdir. Bundan başqa, Azərbaycan valyutası ilə əmanətlər 12 faizədək sığortalanır. Xarici valyutada, o cümlədən dollarda olan əmanətlər 2,5 faiz dərəcəsi ilə sığortalanır, amma reallıqda banklar xarici valyutanı daha aşağı məzənnə ilə - təxminən 1-1,5 faiz, bəzi maliyyə-kredit təşkilatları isə ondan da aşağı qəbul edir".
Ekspert onu da əlavə etdi ki, manatla əmanətlər gəlirlilik baxımından daha sərfəlidir: “Əvvəllər əhali vəsaitlərini manatla saxlamırdı, çünki Azərbaycan valyutasına inam az idi. İndi isə manata inam güclənib, çünki hamı başa düşür ki, neftin hazırkı sabit qiyməti ilə, geosiyasi vəziyyətə görə yaxın bir-iki ildə milli valyutanın məzənnəsi mütləq sabit qalacaq”.
Iqtisadçının sözlərinə görə, xarici valyutada olan əmanətlərin məzənnəsi bir neçə il əvvəl olduğu kimi manatla eyni olsaydı, o zaman insanlar vəsaitlərini dollarda saxlayardılar.
Günel CƏLİLOVA