Bu ilin I rübündə Azərbaycanda enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edən qeyri-əhali abonentlərinin sayı ötən ilin eyni dövrünə nisbətən 5 dəfə çox olub. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, martda “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidməti üzrə elektron müraciətlərin xüsusi çəkisi 53,6 %-ə çatıb.
Məlumat üçün bildirək ki, elektron müraciət sistemi 2019-cu ildən tətbiq olunur. Onun əsas məqsədlərindən biri də vahid platforma üzərindən müraciətlərin idarə olunması, operativliyin və səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsidir.
“Məqsəd bu sahədə vətəndaşlarımızın maarifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyri-əhali abonent deyilən müəssisələr, biznes fəaliyyəti ilə məşğul olan şəxslər nəzərdə tutulur: “Onlayn müraciətin, onlayn xidmətlərin artması olduqca əhəmiyyətlidir. Ilk olaraq bildirim ki, onlayn müraciət zamanı əməliyyat xərcləri aşağı düşür. Eyni zamanda, bu forma biznes üçün rahat müraciət formasıdır. Onlayn müraciətlərin artması biznes ilə dövlət münasibətlərinin inkişaf etməsinə səbəb olur. Onlayn müraciətin müsbət tərəflərindən biri də şəffaflığın qorunur və qorunacaq. Gələcəkdə hansısa müraciət geri qaytarılarsa şəxs rahat şəkildə fakt üzrə məhkəməyə müraciət edə bilər”.
Ekspert hesab edir ki, enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edənlərin sayının artması rəqəmsal həllərin də inkişafına təkan verəcək: “Enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edən sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir. Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məqsəd bu sahədə vətəndaşlarmızın marifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir.
Günel CƏLİLOVA