Azərbaycana İrandan idxal olunan portağal və Belarusdan gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan laborator analizlər nəticəsində sözügedən məhsullarda təhlükəli viruslar aşkarlanıb.
İran İslam Respublikasından idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib
Buna görə də, agentlik tərəfindən İran və Belarus ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulub.
Maraqlıdır, iki ölkədən adıçəkilən məhsulların idxalının dayandırılması bazarda qiymətə necə təsir edəcək? Ümumiyyətlə, bu hal daxili bazarda özünü necə göstərəcək?
“Bəzi məhsulların idxalının dayandırılması istər-istəməz bazara təsir edəcək, ancaq bu hal…”
"Liberal İqtisadçılar” İB-nin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son günlər İrandan idxal olunan məhsulların istifadəyə yararsız olması ilə bağlı məlumatlar yayılır: “İrandan Azərbaycana gətirilən 24 tona yaxın kartof, həmçinin adıçəkilən ölkədən idxal edilən 446 ton kivi yararsız olduğu aşkar edilib. İdxal edilən məhsullarda istifadəyə yararsız olduğu aşkar edilirsə həmin məhsul dərhal ya geri göndərilir ya da zərərsizləşdirilir. Bəzi məhsulların idxalının dayandırılması istər-istəməz bazara təsir edəcək. Qiymət artımı çox yox müəyyən dərəcədə hiss ediləcək. Ancaq bu hal uzun müddətli olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, yararsız sayılan məhsullar ölkəmizə başqa yerlərdən də idxal edilir. Məsələn, kartof üçün ölkələrin sayı hədsiz genişdir, Rusiya, Qazaxıstan, Pakistan, Polşa, Türkiyə və digər ölkələrdən həmin məhsulu Azərbaycana idxal etmək çox asandır və bu, həyata keçiriləcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan bazarı İran və Belarusdan asılı deyil. Çünki bu gün Azərbaycanın idxalında onlarla ölkənin payı var.
Günel CƏLİLOVA