Mərkəzi Bankın hesabatına əsasən, bu il Azərbaycanda inflyasiya 8 faiz ətrafında gözlənilir.
Qurumun bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, hazırda ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir: “Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir”.
Maraqlıdır, Azərbaycan Mərkəzi Bankının 2023-cü il üzrə inflyasiya proqnozu nə qədər realdır?
“Azərbaycanda da ilin ikinci yarısından inflyasiyanın azalması gözləniləndir, bu azalmanın ikiqat olub-olmayacağını…”
İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, 2022-ci ildəki inflyasiya Azərbaycanda son 20 ildə rəsmi qeydə alınan ən yüksək göstəricilərdən biridir: “Bunun da səbəbləri məlumdur. Postpandemiya dövrünün çətinlikləri, Ukraynada başlayan müharibə nəticəsində qlobal bazarlarda enerjidaşıyıcılarından başlayaraq bütün əmtəələr üzrə qiymətlərin kəskin bahalaşmasına səbəb oldu. Bu proses Azərbaycana da təsirini göstərdi. Qlobal bazarlarda inflyasiya yalnız 2022-ci ilin son rübündə azalmağa başladı. Azərbaycanda isə illik 15 faizə yaxın ümumi inflyasiya, 20 faizdən yuxarı ərzaq inflyasiyası qeydə alındı. Real inflyasiya bundan daha yuxarı oldu. 2023-cü ildə Azərbaycanda inflyasiyanın səviyyəsi qlobal bazarlara bağlı olaraq dəyişəcək. Ciddi bir siyasi-hərbi böhran yaranmazsa, bu il enerjidaşıyıcılarının qiymətinin xeyli azalması gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. Nəticədə, Azərbaycanda da ilin ikinci yarısından inflyasiyanın azalması gözləniləndir. Bu azalmanın ikiqat olub-olmayacağını söyləmək mümkün deyil. Burada hökumətin tənzimlənən qiymətlərə dair artırıcı qərarları da ciddi rola malikdir. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq. Azərbaycan hökuməti diqqətini ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Əsas ərzaq məhsullarının istehsalı təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu mümkün olmadıqda, idxal vergi və rüsumları sıfırlanmaqla bahalaşma cilovlanmalıdır”.
Günel CƏLİLOVA