"OPEK+"ın neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmaqla bağlı kəskin qərarı treyderləri şoka salıb.
Trend "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, belə bir tədbir yanacağın qiymətinin bir barel üçün ən azı 100 dollara qalxmasına səbəb ola bilər.
Bazar ekspertləri "OPEK+"ın gözlənilməz qərarından sonra neftin qiymətinin 8,4% artdığı və bundan sonra artımın dayandığı qənaətindədirlər. Lakin ümumilikdə qiymətlər gün ərzində 5% artaraq 83,94 dollar/barel səviyyəsində olub. Bu, qlobal iqtisadiyyatda vəziyyətin pisləşməsi və bank böhranı ilə əlaqədar baş verib.
Analitiklər hesablayıblar ki, neft hasilatının azalması kifayət qədər optimist addımdır, çünki alıcıların neft ehtiyatları tez tükənəcək. Eyni zamanda, "OPEK+"ın hərəkətləri bir daha göstərir ki, təşkilat tələb və təklif bazarındakı vəziyyətə nəzarət edir.
"OPEC+" qərarını şərh edən ABŞ Prezidenti Co Bayden bildirib ki, "OPEC+"un (Neft İxrac Edən Ölkələr Təşkilatı, eləcə də Rusiya və digər qeyri-"OPEK" neft ixracatçıları) neft hasilatını azaltmaq qərarının nəticələri bəzilərinin düşündüyü qədər pis deyil.
"Hər şey düşündüyünüz qədər pis olmayacaq", - deyə ABŞ Prezidenti bildirib.
ABŞ-ın maliyyə naziri Canet Yellen isə bir sıra "OPEC+" ölkələrinin neft hasilatını azaltmaq qərarının nəticələrini hələ də proqnozlaşdıra bilmədiyini, lakin bu addımı yanlış hesab etdiyini bildirib.
"Hesab edirəm ki, "OPEC"in atmaq qərarına gəldiyi addım təəssüf doğurur. Bunun qiymətlərə necə təsir edəcəyinə hələ əmin deyiləm.
Düşünürəm ki, bu addımı həqiqətən qiymətləndirmək üçün bir az daha gözləmək lazımdır", - deyə C.Yellen bildirib.