Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il mart ayının 1-nə 11 901.8 milyon manat təşkil edib. Bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2% azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətləri 19% və ya 1 mlrd. 865,1 milyon manat artıb.
Onu da qeyd edək ki, 1 fevral tarixindən etibarən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10 % dərəcə ilə vergiyə cəlb edilir.
Açıqlanan statistik rəqəmlərdən bəlli olur ki, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi əhalinin banklardakı əmanətlərinin həcmində azalmaya səbəb olub.
“Əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, 2021-ci ilin avqust ayından sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb: “Mərkəzi Bankın məlumatına əsasən, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu, ötən ay ərzində əhalinin əmanətlərinin 27 milyon manat azalması deməkdir. Əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır. Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu, daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub”.
Millət vəkili hesab edir ki, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir: “Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılarla birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var”.
Günel CƏLİLOVA