2023-cü ildən etibarən əksər banklar kreditə görə illik faizləri bir qədər aşağı salıb. Amma kreditə görə komissiya xərcləri bu məsələni sıfıra endirir. Belə ki, Mərkəzi Bankın fevral ayı üçün hazırladığı hesabatda qeyd edilir ki, bəzi banklar, məsələn ABB, Azər-Türk Bank, AFB bank, Kapitalbank, Rabitəbank və digər banklar kredit verərkən heç bir komissiya tutmur.
Amma verilən kreditə “Yapı kredi bank” 1.65, Unibank 1-2-3, Bank Respublika 1, Ziraat bank isə 1 faiz komissiya hesablayır. Maraqlı məqam ondan ibarətdir ki, komissiya hesablayan banklar krediti də yüksək faizlə verir.
“Müştəri ilə kredit müqaviləsi bağlayarkən bəzi banklar komissiyanı kredit faizinin üzərinə gəlir, beləcə, banklar…”
Mövzu ilə bağlı fikir bidirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklar kredit verərkən komissiya faizi təyin etməkdə sərbəstdir. “Banklar haqqında” qanun onlara səlahiyyət verib ki, öz təklifini müştəriyə təqdim etsin: “Kreditə görə komissiyanın olması xarici təcrübədə də mövcuddur. Kreditə görə komissiya o deməkdir ki, bank verdiyi kreditlə bağlı göstərdiyi xidmətə görə pul alır. Kreditə görə faiz isə kredit vəsaitindən istifadəyə görədir. Bank üçün bu qayda daha sərfəlidir. Bank komissiyanı dərhal alır, faizi isə gələcəkdə alacaq. Kredit götürmək istəyən vətəndaşlar bu məsələyə diqqət etməlidirlər”.
Ekspertin sözlərinə görə, hazırda kreditlər üzrə faizin enməsi gözlənilmir. Əksinə, kreditlər üzrə faiz dərəcəsinin artması gözlənilir: “Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın uçot dərəcəsi artır, həmçinin əmanətlər üzrə faizə vergi tətbiq olunub. Bu kimi faktlara görə kredit üzrə faiz dərəcələrinin artması gözlənilir. Kreditin faizinin azalmasını iri banklar edə bilər”.
Ekspertin sözlərinə görə, qanunvericilikdə bank xidməti anlayışı var: “Bank xidmətinin də konkret tarifi yoxdur. Bunu banklar özləri müəyyənləşdirirlər. Müştəri ilə kredit müqaviləsi bağlayarkən bəzi banklar komissiyanı kredit faizinin üzərinə gəlirlər. Beləcə, banklar qazanclarının bir hissəsini bəri başdan müştəridən alırlar. Təəssüf ki, bunun hansısa formada tənzimlənməsi mümkün deyil”.
Günel CƏLİLOVA