Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun dediyinə görə, İslam bankçılığı son 20 ildəki qlobal dəyişikliklər və mənfi təsirlərin fonunda yeganə davamlı platforma olaraq qalıb: “Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb. Azərbaycanda İslam bankçılığı vasitələrinin tətbiqi ölkənin maliyyə sektorunu gücləndirəcək. Bank infrastrukturu və texnologiyalar nöqteyi-nəzərindən ölkəmiz İslam bankçılığı elementlərinin qısa zamanda tətbiqinə hazırdır”.
Maraqlıdır, İslam bankçılığının fəaliyyətə başlamasına ənənəvi banklarmı maneə yaradır və bu bankçılığın yaranması ilə vətəndaşlar hansı imkanlar əldə edəcək?
“İşi, gəliri olan vətəndaşlar üçün İslam Bankından kredit götürmək indiki ənənəvi banklardan kredit götürməkdən daha yaxşı olacaq”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, Azərbaycanda ənənəvi bankların hər biri İslam bankçılığı ilə məşğul ola bilər. Çünki onlar bir-birinə rəqib deyil: “Belə ki, İslam banklarına rəqib yox, bu bazarın iştirakçısı ola bilər. İslam bankçılığı yalnız müsəlmanlar üçün deyil. Nəzərə almaq lazımdır ki, İslam bankçılığının ən6 çox inkişaf etdiyi ölkə Böyük Britaniyadır. Almaniya da ənənəvi bankçılıq sektoru üzrə lider olan məkandır. Onlar ən qabaqcıl məhsulları hamıdan tez mənimsəyirlərsə, demək olar ki, o sahədə nəsə var. Onu da deyim ki, sələmçiliyi yalnız İslam deyil, yəhudilik, xritianlıq da qadağan edir. Bu baxımdan bu bankın müştəriləri yalnız müsəlmanlar deyil. Digər tərəfdən, bu bank Azərbaycanın Cənubi Qafqazda bank-maliyyə mərkəzinə çevilməsinə imkan verə bilər”.
Həmsöhbətimiz hesab edir ki, İslam bankçılığının faydası ondan ibarət olacaq ki, vətəndaşlar faizsiz kredit götürə biləcəklər: “İşi, gəliri olan vətəndaşlar üçün İslam Bankından kredit götürmək indiki ənənəvi banklardan kredit götürməkdən daha yaxşı olacaq. Bu baxımdan da ənənəvi banklar İslam bankçılığının Azərbaycanda fəaliyyətə başlamasında elə də maraqlı deyillər”.
Günel CƏLİLOVA