Qarşısına ali məktəbə qəbul olmağı məqsəd qoyan hər bir şəxs gələcəkdə hansı ixtisas sahibi olacağını əslində hələ orta məktəb illərindən müəyyənləşdirməlidir. Amma ixtisas seçərkən bir sıra amilləri də göz önünə gətirməli, müəyyən nəticələr çıxarmalıdır. Seçdiyi ixtisasın ona gələcəkdə nələr vəd edəcəyi ətrafında xeyli düşünməlidir ki, həmin ixtisasa ölkədə nə qədər tələbat var…
Hazırda Azərbaycanda bəzi sahələr var ki, orada kadr çatışmazlığı müşahidə olunur. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, iqtisadiyyat, idaretmə, texnologiya və kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı daha qabarıq şəkildə hiss olunur. Halbuki, hər il ali məktəblərdən sözügedən sahələr üzrə yüzlərlə tələbə məzun olur. Bəs kadr çatışmazlığının səbəbi nədir?
“Hazırda turizm, yüksək texnologiyalar sahəsində də ciddi kadr çatışmazlığı müşahidə edilir”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, hər bir müəssisə üçün savadlı kadr faktoru ən vacib elementdir. Buna görə də müəssisələr daha peşəkar işçi axtarırlar. Onun sözlərinə görə, bir sıra hallarda işəgötürənlərin tələbləri ödənilmir, nəticədə çatışmazlıqlar yaranır: “Hər hansı sahədə kadr çatışmazlığı yaşanırsa, həmin sektora geniş şəkildə diqqət yetirmək lazımdır. Sektorda tələb olsa da, bəzən tələbatı ödəyə bilmirlər və gedib başqa yerlərə müraciətlər olunur. Azərbaycanda çatışmayan kadrlardan biri aqranomlardır. Aqrar sahəyə, xüsusən iri fermer təsərrüfatlarına ali təhsilli kadrlar – zootexnik, aqronom və s. lazımdır. Bu tələbatımızı əsasən xarici ölkələrdən, o cümlədən Türkiyədən dəvət olunmuş peşəkar kadrlarların hesabına ödəyirik. Azərbaycan özü əslində aqrar sahə üzrə kadr yetişdirmir, sadəcə, tələbələrə aqronom diplomu verilir”.
Ekspertin sözlərinə görə, hazırda turizm, yüksək texnologiyalar sahəsində də ciddi kadr çatışmazlığı müşahidə edilir: “Azərbaycanda müvafiq peşə ixtisası olmayan və əmək bazarının tələblərinə cavab verməyən işaxtaranların sayı kifayət qədərdir. Bu gün daha çox müasir dövrün tələblərinə cavab verən mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələblərinə uyğun olan peşəkarlara ehtiyac var”.
Günel CƏLİLOVA