Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib.
Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) il ərzində əlavə olaraq 3 dəfə maaş alacaq. İlkin məlumatlara görə, mükafat formasında veriləcək əlavə maaşın birincisi mart ayında, Novruz Bayramı ərəfəsində veriləcək. Qərar I, II, III, IV və V kateqoriyaya aid dövlət orqanlarına şamil olunur.
Maraqlıdır, bu kateqoriya dövlət qurumları konkret olaraq hansılardır?
“Əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir. Həmin qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib: “Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub. Həmin qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək. Bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanları aiddir. Bütövlükdə, hər bir işçi çalışdığı qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmamasını dəqiqləşdirə bilər”.
Günel CƏLİLOVA