Məlum olduğu kimi, Nazirlər Kabinetinin imzaladığı qərara əsasən, cari ilin may ayının 1-dən baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.
Buna baxmayaraq, soğanın satış qiyməti bahalaşıb. Belə ki, yerli bazarda soğanın qiyməti son 5 ildə pik həddə çatıb. Belə ki, Azərbaycan bazarları və pərakəndə satış məntəqələrində soğan, keyfiyyətindən asılı olaraq, əsasən, 1 manat 50 qəpik - 2 manat arasında təklif edilir. Halbuki, iki həftə öncə bu qiymət 80 qəpik-1 manat arasında dəyişirdi. Soğanın kisəsi isə 32-35 manat arasında təklif edilir ki, əvvəl bir kisə soğanın qiyməti 22-25 manat idi.
Adıçəkilən məhsulun satış qiymətinin artmasına səbəbin ixracla bağlı olduğu deyilir. Satıcılar bildirir ki, Azərbaycan soğan ixracını dayandırsa, ölkəmizdə tələbatı ödəyəcək qədər soğan ehtiyatı yaranar: “Soğan xarici bazara daha çox göndərildiyi üçün daxildə məhsul qıtlığı yaşanır. Bu səbəbdən də ölkədə soğanın qiyməti günü-gündən qalxır”.
Maraqlıdır, daxildə soğanın qiymətinin tənzimlənməsi üçün adıçəkilən məhsulun ixracı dayandırıla bilərmi? Ümumiyyətlə, soğanın satış qiymətinin artmasının səbəbi daxili bazarı təmin etməməsi ilə bağlıdır, yoxsa başqa səbəblər var?
“Qışda soğan becərilmədiyi üçün sahibkarlar yığılan soğanı anbarlarda saxlayır və bu halda müəyyən xərclərlə üzləşirlər”
İqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, Azərbaycan yerli istehsal hesabına soğana olan tələbatı tam ödəyə bilir. Onun sözlərinə görə, fəsillə əlaqədar yeni məhsulun yığılması ərəfəsində qiymət artımı müşahidə olunur. Qışda da soğan becərilmədiyi üçün sahibkarlar yığılan soğanı anbarlarda saxlayır və bu halda müəyyən xərclərlə üzləşirlər: “Məhsulun anbarlarda saxlanılması vəsait tələb edir. Onu da deyim ki, sahibkar yayda məhsulu alır və onu qışa saxlamaq istəyirsə, o zaman müəyyən risqlərin altına girmiş olur. Belə ki, bazarda qiymət müxtəlif formada dəyişə bilər, həmçinin məhsul məhv ola bilər. Bu kimi problemlər həm məhsulun həcminə, həm də qiymətinə təsir edir”.
İqtisadçının sözlərinə görə, ümumiyyətlə bütün ərzaq məhsullarının son bir neçə ildə istehsal xərcləri artıb. Soğanın da istehsal xərci artır: “Məlumdur ki, indi soğan yığımı fəsli deyil . Sahibkarlar müxtəlif vaxtlarda yığdığı məhsulu saxlamaq üçün əlavə xərcə düşürlər”.
Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq üçün soğan ixracına məhdudiyyət qoyulması düzgün deyil. Bu addım bazarların işləmə prinsipinin pozulmasına gətirib çıxarar.
Günel CƏLİLOVA