Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ çox sayda insan tələfatına və böyük dağıntılara səbəb olub. Zəlzələ fəsadlarının Azərbaycan iqtisadiyyatına, Türkiyə ilə olan iqtisadi əlaqələrinə də təsir edəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyədən Azərbaycana daha çox tekstil malları idxal olunur. Qardaş ölkədə baş verən təbii fəlakət ölkəmizə gətirilən tekstil malların qiymətinə necə təsir edəcək?
Emin Qəribli: “Türkiyədən daha çox trikotaj, sənaye məhsulları alırıq”
İqtisadçı-ekspert Emin Qəribli bildirdi ki, Türkiyənin zəlzələ baş verən bölgələri ixracda o qədər də önəmli rol oynamır: “Türkiyədən daha çox trikotaj, sənaye məhsulları alırıq. Bəzi qida məhsulları da bu sıradadır. Lakin zəlzələ baş verən bölgələrə nəzər yetirsək görərik ki, onların ixrac payları o qədər də çox deyil. Bununla yanaşı, sənaye məhsulları əsasən şimal-qərb bölgələrindən gətirilir. Alternativ variantlarımız da var”.
Asif İbrahimov: “Həmin vilayətlərdən məhsulların Azərbaycana idxalı bir müddət dayandırılacaq, bu da…”
İqtisadçı-ekspert Asif İbrahimov isə bildirdi ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycan iqtisadiyyatına da təsiri var: "Azərbaycana bir çox məhsullar həmin o bölgələrdən idxal olunurdu. Bu istiqamətdə həmin məhsullarla bağlı bahalaşma və ya başqa problemlər baş verə bilər. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan boru kəməri Türkiyənin həmin o bölgələrindən keçirdi. Günə 1 milyon barrel neft hasil edilən həmin boru kəmərlərinin fəaliyyəti dayandırılıb. Bu həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatı üçün mənfi təsirlər doğurmağa başlayıb. Azərbaycan, xüsusilə tekstil və qida məmulatlarını Türkiyədən idxal edirdi. Bu sahədə fəaliyyət göstərən nə qədər fabrikin dağıntılar altında qaldığı hələ məlum deyil. Lakin birmənalı olaraq deyə bilərik ki, infrastruktur dağılıb. Tekstil sahəsində fəaliyyət göstərən bir çox firmalar, atelyelər dağıntılar altında qalmış həmin binaların zirzəmisində yerləşirdi ki, bu da qiymətdə müəyyən rəqabət yaradırdı. Həmin vilayətlərdən məhsulların Azərbaycana idxalı bir müddət dayandırılacaq. Bu da o məhsulların qiymətinə təsirsiz ötüşməyəcək".
Günel CƏLİLOVA