Avtomobillərin icbari sığortası sığorta bazarının əsas drayverlərindən biridir. Məlumdur ki, avtosığortanın məcburi qaydada tətbiq edilməsi 1,4 milyon avtomobil sahibinin bu sığortaya cəlb olunmasına şərait yaradıb.
Buna baxmayaraq, sığorta sektorunda vəziyyət heç də xoş deyil. Belə ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, avtomobillərin icbari sığortası üzrə 102,2 milyon manata yaxın sığorta haqqı yığılıb. Eyni dövr üçün sığorta ödənişinin məbləği 82,3 milyon manat olub. Buraya İcbari Sığorta Bürosuna ödənilən 5 faizlik ödənişi və digər xərcləri də gəldikdə, avtomobillərin icbari sığortası üzrə şirkətlərin zərərliliyinin 100 faizi keçdiyi bildirilir. Proses belə davam edərsə, kiçik və orta sığorta şirkətlərinin avtomobillərin icbari sığortasından könüllü qaydada imtina edəcəyi də proqnozlaşdırılır.
Onu da qeyd edək ki, son zamanlar sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etməkdən imtina edirdi. Baxmayaraq, Mərkəzi Bank mühərrikin həcmindən asılı olaraq avtomobillərin sığortasının icbari olması ilə bağlı sığorta şirkətlərinə xəbərdarlıq etmişdi, amma vəziyyət olduğu kimi qalır. Təbii ki, yığımın azalması sığorta şirkətlərinin vəziyyətinə mənfi təsir edir.
“Proses bu cür davam edərsə, orta və kiçik sığorta şirkətlərinin maliyyə sağlamlığı ciddi təhlükə altında olacaq”
Sığorta sahəsi üzrə ekspert Nazim Mahmudov qeyd etdi ki, son zamanlar sığorta bazarında müəyyən dəyişikliklər baş verir: “Bəllidir ki, əksər sığorta şirkətləri kiçik mühərrikləri avtomobilləri sığorta etməkdən imtina edir. Onlar paytaxtda baş verən qəzaların 90 faizinin taksi fəaliyyətinə yönəldilən “Toyota Prius”, “Opel Astra”, “Kia Rio” və digər kiçik mühərrikli nəqliyyat vasitələri ilə bağlı olduğunu düşünür və buna görə də şirkətlər onları zərərli hesab edir. Bu səbəbdən də sığorta şirkətləri bu nəqliyyat vasitələrini sığorta etməkdən imtina edir. Təbii ki, bu da yığıma təsir edir. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, zərərlilik 80,5 faiz təşkil edib. Buraya İcbari Sığorta Bürosuna ödənilən 5 faizlik xərc də əlavə edilsə, bu rəqəm 85.5 faizə yüksəlir”.
Ekspert hesab edir ki, proses bu cür davam edərsə, orta və kiçik sığorta şirkətlərinin maliyyə sağlamlığı ciddi təhlükə altında olacaq.
Günel CƏLİLOVA