Məlumdur ki, ötən ay Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Silahlı hücum zamanı bir nəfər həlak olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Bu hadisədən sonra Azərbaycanla İran arasında olan münasibətlər dəyişib. Məlumdur ki, İran Milli Bankının Azərbaycanda filialı var. Səfirliyə edilən hücumdan sonra əmanətçilər adıçəkilən banka yerləşdirdikləri əmanətləri geri çəkir. Əmanətçilər Azərbaycanda İran Milli Bankına etiraz olaraq bu bankla əməkdaşlıq etmək istəmir. Hətta son zamanlar Iran Milli Bankının Azərbaycan filialının bağlanması barədə çağırışlar da səsləndirilməkdədir. Belə çağırışlara dair sualı cavablandıran Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev bankın bağlanmasını istisna etməyib: “Azərbaycan Mərkəzi Bankı İranın “Bank Melli İran” bankının lisenziyasının ləğvi məsələsinə baxmağa hazırdır”.
Onu da bildirək ki, Iran Milli Bankının Azərbaycan filialının kapitalı, maddi durumu heç də yaxşı deyil.
“Bankın fəaliyyətində agenturanın maliyyələşdirilməsi, çirkli pulların yuyulması və sair qanunsuzluqlar aşkarlanarsa, onun fəaliyyəti dayandırılmalıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, bu bankın ciddi bir müştəri bazası yoxdur. Belə olan halda bu bankın ölkəmizdə nə məqsədlə fəaliyyət göstərdiyi sual doğurur: “İranın ölkəmizdə casus şəbəkəsi varsa, onun maliyyələşməsində bu ölkənin dövlət qurumlarının iştirakı da realdır. Hansısa ölkə başqa yerdə bank açırsa, müəyyən məqsədləri olur. Təbii ki, onların burada həm siyasi, həm iqtisadi məqsədləri olur. Mən belə banklardan birində işləmişəm və işləyəndə görmüşəm ki, bunların məqsədi pul qazanmaq deyil. Sonradan öyrəndim ki,o bank məxsus olduğu ölkənin xüsusi xidmət orqanlarının məqsədlərinə xidmət edir. Bu baxımdan, İran Milli Bankının buradakı filialının da istisna olmadığını düşünürəm”.
Ə.Həsənov hesab edir ki, bankın fəaliyyətində agenturanın maliyyələşdirilməsi, çirkli pulların yuyulması və sair qanunsuzluqlar aşkarlanarsa, onun fəaliyyəti dayandırılmalıdır.
Günel CƏLİLOVA