Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin imzaladığı qərara əsasən, cari ilin may ayının 1-dən baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.
Buna baxmayaraq, son günlər soğanın satış qiyməti artıb. Məhsulun qiyməti bəzi bölgələrdə iki dəfədən də çox artıb. Araşdırmalar zamanı məlum olub ki, bazarda soğanın qiyməti növündən və keyfiyyətindən asılı olaraq 1-1,5 manat arasında dəyişir. Bahalaşmaya isə yerli məhsulun xaricə ixrac olunması əsas gətirilir.
“Soğan ixracatı kütləvi xarakter daşıyır, nəticədə ölkədə soğan ehtiyatı azaldı və daxili bazarda qiymət artdı”
“Liberal İqtisadçılar” İB-nin sədri Akif Nəsirli bizimlə söhbətində bildirdi ki, soğanın Azərbaycan bazarında bahalaşmasının səbəbi yalnız məhsulun ixracının artması ilə bağlı deyil: “Xatırladım ki, ötən ilin yaz aylarında soğan əkini ilə məşğul fermerlər bildirmişdilər ki, becərdikləri məhsul hansısa səbəbdən xarab olur, məhsul sahələrdə çürüyür. Bu zaman məlum problemə elə də böyük reaksiya verilmədi. Ötən il fermerlər tərəfindən becərilən soğanın gözlənilən səviyyədə məhsul verməməsi soğan istehsalının 26 faiz azalmasına səbəb oldu. Ancaq onu da deyim ki, bu azalmasının fonunda Azərbaycan hökuməti hər hansı bir tədbir görmədi. Ancaq belə vəziyyətdə ötən ilin noyabr ayında soğan ixracına kvota və ya embarqo qoyulmalı idi. Aidiyyəti qurumlar ölkədəki soğan ehtiyatını nəzərə alıb, müvafiq addımlar atmalı idilər. Çox təəssüflər olsun ki, biz bunu müşahidə edə bilmədik. Qeyd etdiyim kimi, ötən il və bu il soğan az istehsal olunub. Buna baxmayaraq, soğan ixracatı kütləvi xarekter daşıyır. Nəticədə ölkədə soğan ehtiyatı azaldı və daxili bazarda qiymət artdı”.
Ekspert onu da əlavə etdi ki, yaranmış problemin həlli üçün ilk növbədə yerli tələbatı ödəyəcək qədər adıçəkilən məhsulun hesabı aparılmalıdır. Ondan sonra ixracat məsələsi düşünülməlidir. Daxildə soğan ehtiyatı lazımi səviyyədə deyilsə, o zaman soğan ixracına kvota qoyulmalıdır.
Günel CƏLİLOVA