Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet məsələdir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı yeni Fərman və Sərəncamlar fikrimizin əyani sübutu kimi dəyərləndirilə bilər. Belə ki, ölkə başçısının yeni imzaladığı sənədlərə əsasən bir sıra müavinət və təqaüdlər artırılıb.
Məlumdur ki, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə yaşa görə sosial müavinət artırılıb.
Sərəncama əsasən, yaşa görə müavinət 180 manatdan 220 manata qaldırılıb.
“Prezident İlham Əliyevin sərəncamı ilə sosial sahədə qeydə alınan müavinət və təqaüd artımları ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcək”
Sərəncamın əhəmiyyəti haqqında danışan iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, yaşa görə müavinətin həcminin artması insanların sosial durumunun yaxşılaşmasına səbəb olacaq. Artımlar qeyd olunan kateqoriyaların sosial rifahını gücləndirmək məqsədilə atılmış addımlardır: “Yaşa görə sosial müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara təklif edilən sosial yardımdır. Ümumiyyətlə, sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar var, büdcə gəlirləri əvvəlki illərlə müqayisədə daha çoxdur, bu da, təbii ki, yığımlar və iş stajı baxımından pensiya almaq hüququ olmayan və yaşa görə müavinət alan vətəndaşlarımızın müavinət məbləğinin də artırılmasına səbəb olub. Qeyd edim ki, yaşa, ailə başçısını itirməyə, bir yaşına qədər uşağı olan aztəminatlı ailələrə ödəniş üzrə, uşağın anadan olmasına görə və digər istiqamətlər üzrə sosial müavinətlərin artması böyük bir əhali kütləsini əhatə edən fərmandır”.
Iqtisadçı hesab edir ki, Prezident İlham Əliyevin sərəncamı ilə sosial sahədə qeydə alınan müavinət və təqaüd artımları ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcək. Əhalinin alıcılıq qabiliyyətini yüksəldəcək. Azərbaycanın iqtisadiyyatına pozitiv təsir göstərəcək: “Dövlətin hazırkı yanaşması onu göstərir ki, biz qarşıdakı müddətdə digər istiqamətlərdə də müxtəlif sosial tədbirlərin görülməsi və ödənişlərin artırılması ilə bağlı Prezidentin fərmanlarını görə biləcəyik”.
Günel CƏLİLOVA