Son zamanlar sığorta şirkətləri kiçik mühərrikli nəqliyyat vasitələrini sığorta etməkdən imtina edirdi. Təbii ki, bu da haqlı olaraq avtomobil sahiblərinin narazılığına səbəb olurdu. Bu məsələ ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) bəzi avtomobillərə “sığorta” qadağası qoyulması ilə bağlı şirkətlərə ümumi xəbərdarlıq edib. Mərkəzi Bankın bazar ertəsi yaydığı açıqlamada bildirilir ki, sığorta şirkətləri icbari avtomobil sığortasından imtina edə bilməzlər. Açıqlamada qeyd edilir ki, AMB-nin son günlər qəbul etdiyi qərarlardan biri avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir: “Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar”.
Sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etməkdən imtina etməyə davam edərlərsə o zaman onların lisenziyası ləğv ediləcək.
“Lisenziyası olan sığorta şirkəti üzərinə götürdüyü vəzifəni yerinə yetirmədikdə, Mərkəzi Bank müəyyən tədbirlər görür”
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, sığorta şirkətləri avtomobilləri icbari qaydada sığorta etməyə məcburdur: “Azərbaycan Respublikasında istismarda olub, mühərrik həcmi 50 kubsantimetrdən yuxarı olan bütün nəqliyyat vasitələri hər il icbari qaydada sığorta olunmalıdır. Mərkəzi Bank tərəfindən müəyyən sığorta şirkətlərinə bu məqsədlə lisenziyalar verilir. Həmin şirkətlərin avtomobilləri icbari qaydada sığorta etməsi şərtdir. Lisenziyası olan sığorta şirkəti üzərinə götürdüyü vəzifəni yerinə yetirmədikdə, Mərkəzi Bank müəyyən tədbirlər görür. Mərkəzi Bank avtomobillərin icbari sığortasını yerinə yetirməyən sığorta şirkətlərinə sanksiya tətbiq edə, hətta onun lisenziyasını əlindən ala bilər. Bununla bağlı ötən il çıxışlarımız da oldu. O zaman bir çox sürücülər etiraz edirdilər ki, mühərrik həcmi təxminən 2 min kubmetrə qədər olan avtomobillərin sığortasında müəyyən problemlər var. Sığorta şirkətləri icbari sığortaları həyata keçirmir. Hansı ki, daha əvvəl sığorta şirkətlərinin saytlarında onlayn qaydada rahatlıqla icbari sığorta həyata keçirilirdi. Şirkətlər bilərəkdən onlayn sığorta panelini bağladılar. Onlayn sığorta paneli hələ də işləmir”.
Günel CƏLİLOVA