Məlum olduğu kimi, 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yığım hesabına 132 milyon 776 min 400 manat vəsait daxil olub, proqnoz göstərici 115,2 faiz icra edilib. Fondun yaydığı məlumata əsasən, ötən il Fondun büdcə xərcləri 203 milyon 34 min 126 manat təşkil edib.
Fondun 2022-ci il üzrə xərclərinin 198 milyon 690 min manatı və ya 97,9 faizi pensiya və müavinətin ödənilməsinə xərclənib. Ölkə başçısının pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq 2022-ci ildə bir il əvvəllə müqayisədə pensiya və müavinət alan şəxslərə 10 milyon 477 min manat və ya 5,5 faiz əlavə vəsait verilib.
Məlumata görə, Naxçıvan DSMF-nin 2022-ci ilin büdcəsində 34 milyon 152 min manat vəsait qalıq qalıb. Bu vəsait 2023-cü ilin büdcəsinə daxil edilib.
Qeyd edildiyi kimi, Naxçıvan DSMF-nin 2022-ci ilin büdcəsində 34 milyon 152 min manat vəsait qalıq qalıb. Maraqlıdır, Naxçıvanda sosial büdcənin sonadək xərclənməməsinin səbəbi nədir?
“Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar var”
Hüquqşunas Əkrəm Həsənov bizimlə söhbətində bildirdi ki. Naxçıvanda sosial büdcənin sonadək xərclənməməsinin müxtəlif səbəbləri ola bilər: “Ola bilər ki, büdcə öncədən şişirdilib və ictimaiyyətə böyük rəqəm göstərilib. Və ya nəzərdə tutulan pensiyalar tam şəkildə ödənilməyib. Bu səbəbdən də DSMF-nin büdcəsində vəsait qalıb. Pensiya ödənişi həyata keçməyibsə araşdırılmalıdır. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar var, xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, DSMF-nin büdcəsində olan vəsait yalnız pensiya və müavinətlər üçün sərf olunmur: “Fondun daxili xərcləri, məhkəmə işləri, nəqliyyat, kommunal və digər xidmətlər üçün də büdcədən vəsait ayrılır. Qeyd edilən sahə üzrə vəsait az xərcləndiyi üçün Naxçıvan DSMF-nin 2022-ci ilin büdcəsində 34 milyon 152 min manat vəsait qalıb. Ümumiyyətlə, bu məsələ araşdırılmalıdır. Vəsaitin necə və hansı istiqamətlər üzrə xərcləndiyi açıqlanmalıdır”.
Günel CƏLİLOVA