Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixindən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, gələn il yanvarın 23-ü saat 10-dan etibarən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına start veriləcək: "Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib”.
Qeyd edək ki, bu gün paytaxtda mənzilə ehtiyacı olan, kirayədə yaşayan çox sayda vətəndaş var. Danılmaz faktdır ki, mənzil bazarındakı yüksək qiymətlər və əhalinin gəlirləri vətəndaşların daşınmaz əmlaka sahib olmasına imkan vermir.
Maraqlıdır, keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışı daşınmaz əmlak bazarında qiymətə necə təsir edəcək?
“Yaxşı olar ki, nazirlik aztəminatlı, evə ehtiyacı olan insanların bu layihədən yararlanmasına şərait yaratsın”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər mərkəzdən kənardadır. Həmin mənzillərin şəhər mərkəzindən kənarda olması əraziyə uyğun qiymətlə müəyyən ediləcək və bu da, təbii ki, alıcı üçün münasib olacaq: “Məlumat üçün deyim ki, həmin binalarda yüzlərlə mənzil var. Qiymətlərlə bağlı, bir mənzilin kavdratmetri 700 manatdırsa, ən yaxşı halda o ərazi üçün mənzilin maya dəyəridir. Çünki sıradan bir şirkətdirsə, təbii ki, daha baha qiymətə satar. Dövlət layihəsi olduğuna görə burada bir sıra güzəştlər olub. Bu, birmənalı olaraq o deməkdir ki, minlərlə evsiz insan bu layihədən, ucuz qiymətə satılan evlərdən yararlana biləcək. Ancaq bu layihə mərkəzə elə də böyük təsir etməyəcək. Çünki Ümid qəsəbəsi ilə yanaşı, bu gün Abşeron, Xırdalan, Masazırda da çox sayda binalar tikilib və hər ərazinin də öz müştəriləri var. Məsələn, Xırdalan müştərisi gəlib Bakının mərkəzindən mənzil ala bilməz. Həmçinin Bakının mərkəzində ev almaq istəyən də gedib kənardan almaz. Hər kəs öz büdcəsinə uyğun alır”.
Ekspert hesab edir ki, yeni layihə daşınmaz əmlak bazarında qiymətə təsir edəcək: “Məlumdur ki, layihənin müəllifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Yaxşı olar ki, nazirlik aztəminatlı, evə ehtiyacı olan insanların bu layihədən yararlanmasına şərait yaratsın. Açıq bazar olmamalıdır. Tikinti şirkəti satsın, kim də istəyir gəlib alsın. Belə olmamalıdır. Bu qaydada olarsa yenə aztəminatlılar, evə ehtiyacı olan kənarda qalacaq, imkanlılar evlərinin sayını artıracaq. Qeyd etdiyim kimi, nazirlik bu məsələyə xüsusi diqqət etməlidir”.
Günel CƏLİLOVA