“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər Milli Məclisdə müzakirə olunur. Qanuna görə, dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Hazırda isə artıq ödənilən bütün məbləğ geri tutulur. Həmçinin, daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq.
“Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur”
Pensiyalarla bağlı tətbiq edilən yeni amnistiya barəsində danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək: “Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır”.
Millət vəkili onu da əlavə etdi ki, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək.
Günel CƏLİLOVA