Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatını yayımlayıb. Hesabata görə, Fond bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımının 3.7 faiz olacağını proqnozlaşdırır. Ötən il bu artım 5.6 faiz olub. 2020-ci ildə isə ÜDM-də bütövlükdə azalma qeydə alınmışdı. Həmin il pandemiya və enerji qiymətlərinin azalması ucbatından ÜDM 4.2 faiz azalıb.
Hesabatda diqqəti çəkən məqam odur ki, gələn il Azərbaycandakı iqtisadi artım Gürcüstan və Ermənistana nisbətən daha az olacaq. 2023-cü ildə Gürcüstan iqtisadiyyatı 4 faiz, Ermənistan iqtisadiyyatı 3.5 faiz artacaq. Azərbaycanla bağlı proqnoz 2.5 faizdir. 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2 faiz olacağı gözlənilir. Eyni ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı böyümə gözləntisi cəmi 2.5 faizdir.
Maraqlıdır, sözügedən proqnoz reallığı əks etdirirmi? Doğrudanmı Cənubi Qafqazın 2 ölkəsində Azərbaycandan daha çox iqtisadi artım olacaq?
“Azərbaycan iqtisadiyyatının ümumi həcmi Gürcüstan və Ermənistan iqtisadiyyatlarından ayrı-ayrılıqda bir neçə dəfə böyükdür”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov BVF-nin proqnozuna birmənalı prizmadan yanaşmadı: “Beynəlxalq maliyyə qurumları iqtisadi artımla bağlı proqnozlar verən zaman cari ildə və ya əvvəlki ildəki artım faizini nəzərə alırlar. Ona görə də, BVF-nin proqnozu məhz 2022-ci ildə Azərbaycanda iqtisadi artım tempinin yüksək olması ilə bağlıdır. Çünki bu ilin sonunda ölkə iqtisadiyyatında 5 faizə yaxın artım gözlənilir. Buna əsasən də BVF faiz nisbətində əvvəlki ilə nisbətən azalma, amma dəyər nisbətində artım proqnozlaşdırılır. Çünki iqtisadiyyat böyüdükcə, hətta faiz nisbəti aşağı olsa belə, dəyər baxımından daha böyük artım müşahidə olunur. Ancaq nəzərə alsaq ki, BVF bu il də Azərbaycan üçün 2,5-3 faiz artım proqnozlaşdırmışdılar, amma reallıqda həqiqi artım bundan çox oldu. Belə ki, bu il artım faizi həmin proqnozlara nisbətən təxminən iki dəfə çox oldu. Halbuki, BVF-nin proqnozu bu il üçün az idi. Ancaq onların verdiyi proqnoz özünü doğrultmadı. Ona görə də BVF-nin verdiyi proqnozlara mütləq şəkildə yanaşmaq doğru olmaz. Azərbaycan iqtisadiyyatının ümumi həcmi Gürcüstan və Ermənistan iqtisadiyyatlarından ayrı-ayrılıqda bir neçə dəfə böyükdür. Bu baxımdan BVF-nin 2023-cü il üçün Azərbaycanla bağlı verdiyi proqnozlar o qədər də real deyil. Ona görə ki, Azərbaycanda iqtisadi artım daha çox olacaq. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, iqtisadi islahatların dərinləşdirilməsi və digər işlər iqtisadi artıma təkan verəcək. Nəticədə 2023-cü ildə proqnozlaşdırıldığından daha çox iqtisadi artım olacaq. Hazırda Azərbaycan iqtisadiyyatının ən ciddi çətinliklərindən biri bahalaşma sürətinin artmasıdır. İndi ölkədə inflyasiya göstəricisi 14 faizə yaxınlaşır. Bu, ölkədə bir il ərzində iki dəfə devalvasiyanın yaşandığı 2015-ci ildən sonrakı dövrdə qeydə alınan göstəricilərdən də yüksəkdir. Bunun da başlıca səbəbi dünyada müşahidə olunan bahalaşa ilə əlaqədardır. Azərbaycan bir sıra məhsulları xaricdən idxal etdiyi üçün bu, inflyasiyanın artmasına öz təsirini göstərir”.
Bir sözlə, millət vəkili hesab edir ki, narahatlığa elə bir əsas yoxdur.
Vidadi ORDAHALLI