“Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir”. Bunu Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Ölkə başçısı qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb: “Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün, əminəm ki, əməli addımlar atılacaqdır”.
“...Avropanın strateji enerji təhlükəsizliyinin təminatında xüsusi rola malik ola bilərik”
Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracından sonra hansı perspektivlər açılacaq?..
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütövlükdə ölkəmizdən ixrac məhsullarının çıxması, dünya bazarına ixracat məhsulları ilə təkliflər verməsi təqdirəlayiq haldır: “Elektrik enerjisi də artıq xammal hesab olunur, elektrik enerjisi hazır məhsuldur. Yəni neftdən və qazdan fərqli olaraq, təbii resurslar əsasında alınan məhsul olsa da, əmək nəticəsi, əmtəə olsa da elektrik enerjisi hazır məhsul sayılır. Ona görə Azərbaycandan elektrik enerjisinin dünya ölkələrinə ixrac edilməsi, ölkəmizin Avropa ölkələrinin enerji təminatçısı kimi çıxış etməsi həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan dövlətinin əlini gücləndirir. Mənə elə gəlir ki, biz əgər gələcəkdə bu istiqamətdə ixracatı genişləndirib daha çox Avropa ölkələrinə elektrik enerjisi sata bilsək, Avropanın strateji enerji təhlükəsizliyinin təminatında xüsusi rola malik ola bilərik. Bu da Azərbaycanın gələcəkdə beynəlxalq aləmdə siyasi diplomatik baxımdan əlinin güclənməsi kimi xarakterizə edilə bilər. Ümumiyyətlə, bu cür məsələlər təqdirəlayiqdir”.
A.Nəsirli hesab edir ki, Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracından sonra qarşımızda yeni üfiqlər açılacaq və dünya enerji bazarındakı rolumuzu daha da genişləndirəcək.
Əli TURABOV