Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bir neçə gün əvvəl ölkədəki iqtisadçı-ekspertlərlə görüşüb. Məlumata görə, görüşdə tanınmış müstəqil iqtisadçılar və AMB-nin 9 əməkdaşı iştirak edib. Görüş barəsində müxtəlif məlumatlar yayılıb. Iddia edilir ki, devalvasiya ilə bağlı hazırlıq getdiyi üçün görüşdə sədr iqtisadçılarla məsləhətləşib.
Azərbaycan Mərkəzi Bank sədri ilə görüşdə hansı məsələlərin müzakirə edildiyini öyrənmək üçün görüşdə iştirak edən bank sektoru üzrə mütəxəssis və hüquqşünas Əkrəm Həsənovla danışdıq.
“Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi”
Iqtisadçı bildirdi ki, çox səmimi və məhsuldar görüş oldu: “Deyərdim ki, dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Bu görüş, əslində, çoxdan planlaşdırılmışdı. Mərkəzi Bankın sədri vaxtaşırı iqtisadçı-ekspertlərlə görüşür, onların fikirlərini dinləyir. Çünki ekspertlərin hansısa əks fikirləri, tənqidləri ola bilər. Görüşün məqsədi piar deyildi. Maliyyə bazarlarına - bank, sığorta, qiymətli kağızlar dair xeyli məsələni müzakirə etdik. Həmçinin, xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi haqqında da danışıldı. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi”.
Ə.Həsənov onu da əlavə etdi ki, görüşdə müzakirə edilən məsələlərdən biri də məzənnə ilə bağlı idi: “Düzü, məzənnə haqqında elə də çox danışılmadı. Məlumdur ki, son bir neçə ildə ölkənin yüksək neft gəlirləri hesabına kifayət qədər valyuta ehtiyatları formalaşıb. Mərkəzi Bankın da, hökumətin də sistemli yanaşması bundan ibarətdir ki, hazırda milli valyuta sabit qalmalıdır. Milli valyutanın sabitliyi digər problemlərin həllinə kömək edir. Bu baxımdan, yaxın dövrdə devalvasiya olmayacaq. Görüş zamanı əsasən bank, sığorta, qiymətli kağızlar sektorunun problemləri müzakirə edildi. Hər kəs bu sahələr üzrə öz fikrini və təklifini irəli sürdü”.
Günel CƏLİLOVA