05/02/2023 14:52
728 x 90

Naxçıvanda antikorrupsiya əməliyyatlarının ilk böyük təsiri - Naxçıvanın dotasiyası kəsildi...

Əli Əlirzayev: “Naxçıvanın gömrük gəlirlərinin artması imkan verir ki, ora ayrılan dotasiyaların həcmi azaldılsın”

img

Büdcədən Naxçıvana ayrılacaq dotasiyanın həcminə yenidən baxılıb. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, ikinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln. manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.

S.Şərifov bildirib ki, büdcədən Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilir. Nazirin sözlərinə görə, bu anlayış büdcəyə ilk dəfə daxil edilib.

Maraqlıdır, Naxçıvana verilən dotasiyanın azaldılması, dotasiyanın ən son həddi anlayışının tətbiqi, bütün bunlar praktikada nəyə yönəlib və nəyi dəyişəcək?

  • “Dotasiyanın yuxarı həddi anlayışı o deməkdir ki, göstərilən bəlli ölçüdən artıq xərcləmələrə getmək olmaz”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, bütün bunlar Naxçıvanda bir sıra məsələləri dəyişəcək: “Əvvəla, bütün bunlar Naxçıvanda aparılan islahatların göstəricisidir. Naxçıvanın əsas gəlirləri gömrük yığımlarıdır, bir də toplanan vergilərdir. Vergi elədir ki, onun həcmini artırmaq üçün gərək böyük müəssisələr ola, vergi bazası genişlənə. Vergiyə cəlb olunan sahələrin potensialı böyük deyilsə, vergilərin artırılmasının bir əhəmiyyəti yoxdu. Naxçıvanın gömrük gəlirlərinin artması imkan verir ki, ora ayrılan dotasiyaların həcmi azaldılsın. Dotasiyanın yuxarı həddi anlayışı o deməkdir ki, göstərilən bəlli ölçüdən artıq xərcləmələrə getmək olmaz. Yəni göstərilən həddən artıq vəsaiti xərcləməsinlər, ondan istifadə etməsinlər, israfçılığa yol verməsinlər və s. Bir sıra sosial əhəmiyyətli layihələr - məktəb, xəstəxana tikintisi, yol infrastrkturunun qurulması dotasiya hesabına həyata keçirilir. Ona görə də bütün bunlar ümumi olaraq hesablanır və bəlli rəqəmdən artıq dotasiyanın ayrılması məhdudlaşdırılır. Biz nəzərə almalıyıq ki, dotasiyada israfçılığa yol verilməsi istənilən regionda baş verə bilər. Bu, təkcə Naxçıvana aid olan məsələ deyil. Ona görə də bununla bağlı həddin müəyyən olunması doğru qərardır. Bu, israfçılığın qarşısının alınmasına müsbət təsir edəcək. O üzdən, bununla bağlı normativlər olmalıdır. Bu iqtisadi prosesdir və büdcəyə nəzarət məqsədi daşıyır. Yəni limit qoymaq yolu ilə biz müəyyən edirik ki, bir belə vəsait ayırmaq olar. Bütün bunlar normativ əsaslara görə hesablanır. Əsaslandırılmış xərc strukturuna uyğun olaraq vəsaitlər ayrılacaq”.

Professor ümid edir ki, görülən işlər, aparılan islahatlar Naxçıvanın inkişafına müsbət təsir edəcək.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər