Son zamanlar sosial şəbəkələrdə yerli sığorta şirkətlərindən narazılıqlar yayılmaqdadır. Əsas şikayətlər ondan ibarətdir ki, yerli sığorta şirkətləri müəyyən “siyahı”da olan avtomobilləri icbari sığorta etməkdən imtina edirlər. Yayılan şikayətlərə görə, şirkətlər taksi və avtobus fəaliyyəti ilə məşğul olan bir sıra nəqliyyat vasitələrini sığorta öhdəliyinə götürmürlər.
Sığorta şirkətləri imtinaya səbəb kimi kiçik mühərrikli nəqliyyat vasitələrinin qəza risqinin çox olmasını göstərirlər.
Sürücülər bildirirlər ki, problem əsasən "Toyota Prius", "Azsamand", "Khazar", "Opel Astra", "Saipa" kimi avtomobillərdə yaşanır. Ən çox isə "Toyota Prius" marakalı avtomobillərin sürücüləri bu halla qarşıladıqlarını iddia edirlər.
Sığorta şirkətlərindən birinin adının hallanmasını istəməyən əməkdaşı bildirir ki, son aylarda nəinki kasko, hətta icbari sığorta etməklə bağlı rəhbərlik tərəfindən məhdudiyyətlərlə üzləşirlər: “Qapanmalardan sonra avtomobili olan şəxslərin çoxu taksi fəaliyyətinə keçib. Taksidə sürülən avtomobillərin çoxu ucuz və orta qiymətə olan avtomobil markalarıdır və şirkətlər bu avtomobilləri sığortalamaqdan boyun qaçırır. Bu da həm sürücülərin, həm də agentlərin narazılığına səbəb olur. Çünki sığorta agentinin də qazancı sığortaların yazılmasından çıxır. Son aylarda yol hadisələri çox olur və bunların çoxunda taksilər iştirak edir. Sığorta şirkətləri tez-tez sürücülərə sığorta ödənişi etməli olur. Bu da əlverişli sayılmır. Rəhbərlik də hesab edir ki, qazancdan çox zərər olur. Buna görə də, bir çox sığorta şirkətləri sözləşərək belə razılığa gəliblər”.
“Sığorta şirkətləri zərərə uğramamaq üçün daha az qəza keçirmiş avtomobil sahibləri ilə əməkdaşlığa üstünlük verirlər”
Nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, paytaxtda baş verən qəzaların 90 faizi taksi fəaliyyətinə yönəldilən “Toyota Prius”, “Opel Astra”, “Kia Rio” və digər kiçik mühərrikli nəqliyyat vasitələri ilə bağlıdır və buna görə də şirkətlər onları zərərli hesab edir: “Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobillər və avtobuslarla bağlı problem mütəmadi olaraq hər il yaşanır. Çünki bu nəqliyyat vasitələrindən istifadə edən şəxslər hər hansısa qəza baş verərkən şirkətdən ödənişlərini ala bilmirlər. Bu halda sığorta şirkətlərinə üz tutulur. Sığorta şirkətləri isə bu vəziyyətdən qaça bilmirlər və ziyanla işləyirlər. Bu baxımdan sığorta şirkətləri zərərə uğramamaq üçün daha az qəza keçirmiş avtomobil sahibləri ilə əməkdaşlığa üstünlük verirlər. Bu gün sığorta şirkətləri avtomobili səliqəli idarə edən şəxslərdən daha çox məmnundur. Reallıq budur ki, indiki şəraitdə “Toyota Prius” markalı avtomobillərdən əsasən taksi xidməti üçün istifadə olunur. Əslində, sığorta şirkətlərinin qərarını başa düşmək olar. Çünki “Prius”ları idarə edən şəxslərin əksəriyyəti sürücülüklə bağlı müəyyən prinsipləri pozur və qəza hallarına daha çox yol verirlər. Fikrimcə, sığorta şirkətlərinin qərarı bir inzibati tənbehdir”.
Günel CƏLİLOVA