Azərbaycanda sığorta sistemi uzun illərdir fəaliyyət göstərsə də və artıq əksər sahələrdə tətbiq edilsə də, bəzi kəsimlər sığota məsələsinə elə də isti yanaşmırlar. Məlumatlara görə, kiçik fermerlər təsərrüfatlarını sığortalamaqdan qaçır, bundan imtina edirlər. Qeyd edilir ki, kiçik fermerlərin mütləq əksəriyyəti təsərrüfat və məhsullarını sığortalamaqdan ümumən yayınır.
Onlar niyə təsərrüfatlarını sığortalamaq istəmirlər, problem nədir? Sığorta bəyəm pisdir ki, onlar buna getmək istəmir?
“...Sığorta haqqı yüksəkdir”
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu səbəbsiz deyil. “Uzun illərdir ki, biz aqrar sığorta sisteminin geniş tətbiqinin davasını döyürdük. Demək olar ki, bu, Azərbaycanda yox idi. Son illərdə prosesə müəyyən qədər başlanılıb. Sığorta məsələsində şirkətlər və bəzi fermerlər maraqlı deyil. Şirkətlər ona görə maraqlı deyil ki, burada risqlər çox yüksəkdir. Təbii fəlakətlər, yanğınlar, xəstəliklər və sair əkin sahələrinə, heyvandarlığa ziyan vurur. Burada risq çox yüksək olduğu üçün onlar maraqlı deyil. Amma dünyada belə bir yanaşma yoxdur. Risq faktoru yüksəkdirsə, sığorta haqqı ona görə müəyyənləşdirilir. Hər şeyin ölçüsü var. Bu əsassız bəhanədir. Bunun da nəticəsində Azərbaycanda aqrar sığorta olmadığı üçün minlərlə fermer müflis oldu, əkin-biçin sahələri batdı, yardım ala bilmədilər, nəticədə də sıradan çıxdılar. Aqrar sığortanı indi-indi yaradırlar və bildiyim qədər, hər şeyi sığorta etmirlər. Digər tərəfdən, fermerlərin qarşısına çox ağır şərtlər qoyurlar. Üçüncüsü də, sığorta haqqı yüksəkdir. Əlbəttə ki, kiçik fermerlər, kəndlilər bu qədər pulu verə, bu qədər şərtləri ödəyə bilməyəcəklər. Dünya standartlarından yüksək bir təsərrüfat, maksimim təhlükəsizlik tədbirləri tələb edirlər. Maksimim təhlükəsizlik tədbirləri varsa, onda sənin sığortana nə ehtiyacımız var ki? Hər şey nəzərə alınsa, onda heç nə baş verməyəcək. Sığorta risqi aradan qalxacaqsa, onda fermer niyə o qədər pulu sığorta şirkətinə ödəməlidir ki? Ona görə də fermerlər bunda maraqlı deyil. Kiçik fermerlər nə qazanırlar ki, götürüb onu da sığortaya versinlər?”
E.Bayramlının sözlərinə görə, kiçik fermerləri sığortaya cəlb etmək üçün şərtlər normal olmalıdır, ikincisi optimal sığorta haqqı təyin olunmalıdır ki, kiçik fermer onu verə bilsin. “Kiçik fermer çox cüzi məhsul əldə edir, ondan da çox az vəsait qazanır. Çünki ona məhsulunu bazara çıxarmağa imkan vermirlər. Alverçilər, dəllallar gedib qəpik-quruşa alıb gətirib burada zəbt etdikləri yarmarka və bazarlarda beş qat artığına satırlar.
Bu sistem optimal təşkil olunmalıdır, müxtəlif əsassız tələblər, bürokratik əngəllər aradan qalıdırılmalıdır”- deyə E.Bayramlı vurğuladı.
İradə SARIYEVA