Azərbaycanda tütün məmulatlarının qiymətinin artacağı gözlənilir. Ölkəyə gətirilən bəzi malların aksiz dərəcələrinin artırılmasının bahalaşmaya səbəb olacağı ehtimal edilir.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədəd üçün qiyməti 43,0 manatdan 46,5 manata qaldırılıb. Eyni zamanda, istehlak olunan tütün və tütün məhsullarının 1000 ədəd üçün qiyməti 12,9 manatdan 14 manata artırılıb.
Onu da qeyd edək ki, Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik Azərbaycanın tütün bazarına da təsir edib. Belə ki, 2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 faizi Ukraynadan idxal olunub. Bu ölkədən Azərbaycana 12,093 milyon ABŞ dolları dəyərində 482,7 milyon ədəd siqaret gətirilib. Eyni dövrdə Azərbaycanda 14,351 milyard ədəd papiros və siqaret istehsal edilib ki, onun da 316,31 milyon ədədi ixrac edilib. Ukraynadan siqaret tədarükü daxili istehsalın cüzi bir hissəsini təşkil edib.
Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun cəmi idxalının dəyər ifadəsində 98,2 faizi, kəmiyyət olaraq 96,9 faizi Ukraynanın payına düşüb. Ukraynadan 4 466,95 ton tütün alınıb.
Eyni dövrdə Azərbaycanda 4 min 237,6 ton fermentləşdirilmiş (tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı) tütün istehsal edilib. Yəni daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağına dair hazırda heç bir əsas yoxdur. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.
Ehtimal edilir ki, siqaretlə bağlı verilən qərar və Ukraynadan ölkəmizə tütün məhsullarının idxalının dayanması adıçəkilən məhsulun satış qiymətinin artmasına səbəb olacaq.
Rüfət Quliyev: “Ölkəmizdə işləyən siqaret fabrikləri siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır”
Millət vəkili Rüfət Quliyev bildirdi ki, bu mövzuda problemlər mövcuddur: “Məlumdur ki, Ukrayna və Rusiya ilə dərin iqtisadi və maliyyə münasibətləri var. Ölkəmizdə işləyən siqaret fabrikləri siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır. Təbiidir ki, hazırda baş verənlərin təsiri olacaq. Nəqliyyat, tranzit, logistika sahəsində ciddi problemlər yaşanacaq. Amma bu təsirin fəlakət olduğunu deməzdim. Bu, təbii olan məsələdir, baş verənlər tək bizə yox, bütün dünyaya təsir edir”.
Natiq Cəfərli: “Siqaretin bahalaşması dünyanın digər ölkələrində də müşahidə edilir, lakin artımla bağlı…”
Iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, istənilən halda vergilərin, gömrük rüsumlarının artırılması məhsulların qiymətlərinə mütləq şəkildə təsir göstərir. Spirtli içkilər və tütün məmulatları ilə bağlı son üç ildə 4-cü belə qərar qəbul olundu. Bu da, öz növbəsində, həmin məhsulların hər dəfə qiymətinin artmasına səbəb olur. Özü də söhbət tək xaricdən gətirilənlərdən getmir, elə yerli məhsulların da qiyməti artacaq: “Siqaretin bahalaşması dünyanın digər ölkələrində də müşahidə edilir. Lakin artımla bağlı qərarlar etirazla qarşılanmır. Bunu formal olaraq sağlam həyat tərzinin təşviqi ilə əlaqələndirirlər. Bu, dünyada çox yayılmış məsələdir. İnsanlar etiraz etmir. Çünki tütün və spirtli içkilər sosial məhsullar deyil”.
Günel CƏLİLOVA