“Rusiya qonşu dövlət olduğu üçün ora tətbiq olunan sanksiyaların bizə də müəyyən təsirləri olacaq”. Bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib ki, həmin təsirlərin nə qədər və hansı müddətdə olacağını bilmək isə zaman məsələsidir: “Bu prosesləri ətraflı və dərindən monitorinq və qiymətləndirmə edirik”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Qərb Rusiyaya qarşı maliyyə tarixində analoqu olmayan sanksiyalar tətbiq etdi. Bunların sırasında sanksiya altında olan bankların (növbəti mərhələdə ola bilsin ki, hətta bütün bank sisteminin) SWIFT-dən ayrılması, Avropa İttifaqının Rusiya Bankı ilə bütün transaksiyalarının qadağan edilməsi, bu ölkənin qızıl-valyuta ehtiyatlarının dondurulmasını qeyd etmək olar. Bunun nəticəsi olaraq, Rusiya Bankı uçot dərəcəsini birdən-birə iki dəfə qaldırdı, qeyri-rezidentlərin ölkədən 5 min ABŞ dollarından artıq vəsait çıxarması qadağan edildi.
Maraqlıdır, Rusiyaya qarşı olan sanksiyalar Azərbaycan banklarına necə təsir edəcək?
“Azərbaycan bankları da Rusiyanın ödəniş sisteminə qoşula bilər, ancaq bu hesablaşmalar dollar və avro ilə olmayacaq”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, bu sanksiyaların pulköçürmələrə və hesablaşmalara təsiri olacaq. Bu da Azərbaycanla Rusiya və Belarus arasında Qərb ölkələrinin valyutalarında olan hesablaşmalara təsir edəcək: “Çünki artıq Rusiya banklarının xeyli hissəsi sanksiya altına düşüb və həmin banklar SWIFT-dən çıxarılıb. Amma Rusiyanın öz ödəniş sistemi üçün platformaları var. O platformalar ya Rusiya rublu ilə, ya da Azərbaycan manatı ilə hesablaşmaları təmin etməyə imkan verəcək. Azərbaycan bankları da Rusiyanın ödəniş sisteminə qoşula bilər. Bu hesablaşmalar dollar və avro ilə olmayacaq. Rusiya çoxdan bu sistemi yaradıb ki, sanksiya olanda işə salsın. Bu sistemə qoşulmaqda problem yoxdur, sadəcə qeyri-sabit valyutalarla əməliyyat aparmaq özü problemdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, insanlar öz köçürmələrini dollar və avro ilə edirlər. Rubl isə qeyri-sabit valyuta olduğu üçün onu milli valyutaya çevirəndə pul itkisi olacaq. Yaxud da insanlar əllərində bir qədər pul olduqda onu milli valyutada saxlamırlar, dəyişirlər. İndi isə onlar məcbur olacaq ki, rubl, yaxud manatla işləsinlər.
Günel CƏLİLOVA