Ukraynaya müdaxiləsi səbəbindən Rusiya sanksiyalara məruz qalır. ABŞ-ın və digər Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir. Bahalaşma yalnız taxta və laminata təsir etmir. Divar kağızı bazarında da böhran yaranıb. Tikinti bazarında əsas mallardan biri hesab edilən “oboy”un qiyməti xeyli bahalaşıb.
Qeyd edək ki, satışda olan divar kağızı məhsullarının 60-70 faizi Ukrayna istehsalıdır. İtaliya, Belarus və Rusiya divar kağızlarının da bazarda xüsusi çəkisi olsa da, üstünlük həmişə Ukrayna istehsalına verilib. Həm münasib qiymətinə, həm də orta keyfiyyətinə görə. Satıcılar qeyd edir ki, müharibə səbəbindən bazara mal gəlmir: “Əlimizdə qalan son malları satırıq. Qiymətlər də kifayət qədər qalxıb. Hər rulonda 4-5 manat artım var. Azərbaycana daha çox Rusiyadan, Ukraynadan “oboy”lar gəlirdi. Lakin müharibə bazara çox ciddi təsir göstərir. Müharibənin bitməsini gözləyirik. Ümid edirik ki, müharibədən sonra hər şey öz qaydasına düşəcək”.
“İtaliya və Almaniya istehsalı olan “oboy”ların qiyməti baha olduğu üçün alıcılar Çin divar kağızlarına müraciət edəcək, lakin...”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə tikinti materiallarının ölkəmizə idxalına da öz mənfi təsirini göstərir: “Məlumdur ki, Azərbaycanın “oboy” bazarının 70 faizi Ukraynanın payına düşürdü. Bununla yanaşı, İtaliya, Almaniya, Çindən “oboy” idxal edilirdi. Lakin istehlakçılar daha çox Ukrayna istehsalı olan divar kağızlarına üstünlük verirdi. Belə olan şəraitdə bazarda Çin istehsalı olan divar kağızları üstünlük qazanacaq. İtaliya və Almaniya istehsalı olan “oboy”ların qiyməti baha olduğu üçün alıcılar Çin divar kağızlarına müraciət edəcək. Lakin onların keyfiyyəti də müzakirə mövzusudur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, müharibə səbəbindən Ukraynada ölkəmizə divar kağızı idxal edilə bilməməsi bu sahədə qiymət artımına səbəb olur və olacaq: “Hazırda tikinti materialları bazarlarında ehtiyatda və anbarlarda olan malların satışı gedir. Tikinti həcmində azalma var, ona görə də bəzi tikinti materiallarının qiymətində dəyişiklik tam müşahidə olunmur. Bunların gələn ay nə ilə nəticələnəcəyini görəcəyik. Proses uzun müddət davam eləsə, əlbəttə ki, həm tikintinin həcmində, həm də tikinti materiallarının qiymətlərində özünü göstərəcək”.
Günel CƏLİLOVA