Sahibkarlar arasında köhnə üsulla tenderlərin şəffaflığına dərin şübhələr başlayıb…

Toğrul Maşallı: “...tenderlərin elektron qaydada keçirilməsi daha münasibdir”

img

Azərbaycanda büdcə xərclərinin optimallaşdırılması, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi hər zaman müzakirə mövzusu olub.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışında dövlət qurumlarının xərclərinə nəzarətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. Ancaq buna baxmayaraq, dövlət satınalmalarında hələ bəzi problemlər yaşanır. Xüsusilə də biznesin, sahibkarlığın, rəqabət mühitinin inkişafına mane olunur. Hətta dövlət satınalmalarında yaşanan çatışmazlıqlar bəzi sahibkarların tenderlərdə iştirakına əngəl olur.

Qeyd edək ki, son zamanlar keçirilən tenderlərlə bağlı sahibkarların narazılıqları artır. Narazılığa səbəb isə açıq keçirilən tenderlərin elektron formada keçirilməməsidir.

Məlumat üçün bildirək ki, 2020-ci ildə dövlət vəsaitləri hesabına 2414 açıq tender keçirilib. Açıq tenderlərin ümumi dəyəri 2.152,8 milyon manat təşkil edib. Ortalama bir açıq tenderin dəyəri 891,8 min manat olub.

Bildirək ki, hazırda sahibkarlar kağız üzərində, yəni köhnə formatda tenderin keçirilməsini istəmirlər. Onlar iddia edirlər ki, kağız formatda olanda qanunsuzluq qeydə alınır. Bu səbəbdən də elektron tenderin keçirilməsi daha məqsədəuyğun sayılır.

  • “Köhnə üsulla keçirilən açıq tenderlərin ümumi dəyəri 1 222,8 milyon manat təşkil edib, elektron tenderlərin dəyəri isə 930 milyon manat olub”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Toğrul Maşallı bildirdi ki, ötən il dövlət vəsaitləri hesabına 2414 açıq tender keçirilib: “Açıq tenderlər arasında 2321-i elektron satınalma üsulu ilə keçirilib. Başqa sözlə, köhnə üsulla, yəni "kağız üzərində" 93 açıq tender baş tutub. Bəs onların dəyəri necə olub? Deməli, köhnə üsulla keçirilən açıq tenderlərin ümumi dəyəri 1 222,8 milyon manat təşkil edib. Elektron tenderlərin dəyəri isə 930 milyon manat olub. Yəni, faktiki, ən bahalı tenderlər elektron qaydada keçirilməyib. Tenderlərin elektron qaydada keçirilməsi daha münasibdir”.

Günel CƏLİLOVA

Son xəbərlər