Gömrük Komitəsi sədrindən karqo şirkətlərə əsaslı irad - malınızı yaxşı satmaq istəyirsinizsə...

Rəşad Həsənli: “Pandemiya ilə bağlı olaraq bütün dünyada karqo daşımalarında fasilə yaranıb”

img

“Əgər siz məhsul sifariş edib, onun bəyannaməsini təqdim etmisinizsə və sizə gömrük orqanlarından sorğu daxil olmayıbsa, deməli, cavab aydındır. Malınız bizdə deyil”. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 4-də keçirilən brifinqdə deyib.

Komitə sədri qeyd edib ki, karqo şirkəti çeşidləmə prosesini həyata keçirə və məhsulu vaxtında təqdim edə bilmir. Onun sözlərinə görə, şirkətlərin dövriyyəsi artıb, çeşidləməni tez edə bilmirlər: “Gömrüyün anbarında problem olsa, sizə bu barədə məlumat veriləcək. Bizim 300 dollar rüsumsuz limiti keçməyən bağlamalarla əlaqədar problemimiz yoxdur. Sadəcə olaraq, şirkətlərin xüsusi çeşidləmə avadanlıqları yoxdur və bir anda 1000 bağlamanın qəbul edilməsinə hazır deyillər. Nəzərə almaq lazımdır ki, növbəti dövrlərdə bağlamaların sayı 1 milyonu da keçə bilər. Məhsul vaxtında bəyan olunubsa, həmin gün yüklərin 80 faizi sifarişçiyə təqdim edilir. Gecikmələr varsa, bu gömrüklə yox, şirkətlə bağlıdır”.

  • “Hazırda alıcılıq səviyyəsinin aşağı düşməsi karqo şirkətlərinin məhsulu gətirmə proseduruna təsir edir”

Məhsulun karqo şirkətləri tərəfindən nə səbəbdən gecikdirildiyini öyrənmək məqsədilə iqtisadçı-ekspert Rəşad Həsənli ilə həmsöhbət olduq.

R.Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, pandemiya ilə bağlı olaraq bütün dünyada karqo daşımalarında fasilə yaranıb. Bu hal ölkəmizdə də yaşanır: “Azərbaycanda mal və məhsulların sifariş verilməsi zamanı heç bir böyük platforma malların birbaşa ölkəmizə çatdırılması ilə bağlı xidmət təklif etmir. Bu problemlər sonda karqo şirkətlərinin fəaliyyətinə təsir edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırkı şəraitdə alıcılıq gücü yüksək deyil: “Əvvəllər əhalinin alıcılıq gücü yüksək idi. Bu hal imkan verirdi ki, karqo şirkətləri özünə lazım olan yükü daha qısa müddətdə  formalaşdıra bilsinlər. Bu yüklər yola çıxarkən müəyyən həcmdə olmalıdır ki, karqo şirkətlər bu yükün daşınmasında iştirak etsinlər. Hazırda alıcılıq səviyyəsinin aşağı düşməsi də prosesə təsir edir”.

Günel CƏLİLOVA

Son xəbərlər