Manatla kreditlərin faiz dərəcəsi yüksəlir - bunu necə başa düşək...

Əkrəm Həsənov: “Banklar dollarla vəsaitləri ucuz cəlb etdiyinə görə xarici valyutada olan kreditləri də aşağı faizlə verirlər”

img

Azərbaycanda son 3 ildə kredit faizlərində enmə müşahidə edilsə də, azalma əsasən xarici valyutada olan kreditlərdə baş verir. Manatla verilən kreditlərdə faiz dərəcələrində ciddi dəyişiklik yoxdur.

2018-ci ilin yanvarında manatla verilən kreditlərdə orta faiz dərəcəsi 13,2 faiz, xarici valyutada olan kreditlərdə 9,76 faiz idi. 2019-cu ilin yanvarında manatla kreditlərdə orta faiz dərəcəsi 14,24-ə yüksəldi, xarici valyutada 8,06 faizə endi. Bu dinamika sonrakı dövrlərdə də davam edib. 2020-ci ilin yanvarında manatla kreditlər orta hesabla 13,92 faizlə, xarici valyutada kreditlər 5,9 faizlə, 2021-ci ilin yanvarında manatla kreditlər 13,69 faizlə, xarici valyutada kreditlər 5,2 faizlə ayrılıb. Müqayisə göstərir ki, son 3 ildə manatla kreditlərdə faizlər nəinki azalmayıb, əksinə, bir qədər artıb. Xarici valyutada olan kreditlərdə isə nəzərəçarpacaq azalma var.

Araşdırmalara görə, son zamanlar müqayisəli təhlillər göstərir ki, manatla kreditlər ucuzlaşmır, xarici valyutada kreditlər isə ucuzlaşır.

  • “Manatla kredit faizlərinin enməməsinin səbəbi milli valyutada cəlb edilən depozit və əmanətlər üzrə faizlərdə azalmanın böyük olmamasıdır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, manatla kredit faizlərinin enməməsinin səbəbi milli valyutada cəlb edilən depozit və əmanətlər üzrə faizlərdə azalmanın böyük olmamasıdır: "Məlumat üçün bildirim ki, əvvəllər manatla cəlb edilən əmanətlər 12 faiz idi, hazırda isə 8-10 faizdir. Dollarla olan əmanətlərdə faizlər kəskin düşüb. Dollarla əmanətlər 2-3 faizlə qəbul edilirdisə, hazırda 1 faizdən də aşağı düşüb. Banklar dollarla vəsaitləri ucuz cəlb etdiyinə görə xarici valyutada olan kreditləri də aşağı faizlə verirlər. Onu da əlavə edim ki, manatla kredit faizlərinin yüksək olmasının digər səbəbi risqin yüksək olması ilə bağlıdır. Kreditin qaytarılmama risqi, məhkəmə xərcləri və s. nəzərə alınaraq kreditlər mümkün olduğu qədər yüksək faizlə verilir”.

Günel CƏLİLOVA

Son xəbərlər